4bdebdda-ecf8-4eb8-a2ce-26c238975fbd..jpg

“Onların canı yananda bizim də canımız yanır” – FOTO

Baxış sayı: 1. 053 dəfə baxılıb.

“Onların canı yananda bizim də canımız yanır” – FOTO

Türkiyədəki könüllü Hafiz Rəhimov: “Elə olur ki, uşaqlarla oynayanda onlarla
birlikdə, onları əyləndirmək üçün gülürük. Bir neçə dəqiqə sonra ailəsini
itirən insan görür, gülüşümüz üzümüzdə donur, kədərlənirik”.

Azərbaycan Gənclər Fondu Türkiyənin cənub-şərqində zəlzələdən əziyyət çəkən
vətəndaşlara yardım üçün 100 könüllü göndərib.“Kaspi”

qəzetinin əməkdaşı hazırda Kahramanmaraşda fəaliyyət göstərən həmin
könüllülərdən olan Hafiz Rəhimovla söhbətləşib.

Həmsöhbətimiz Dövlət Gömrük Komitəsi Akademiyasının Beynəlxalq ticarət və
logistika ixtisası, Gömrük işi fakültəsinin 3-cü kurs tələbəsidir. Hafiz eyni
zamanda akademiyanın debat klubunun təsisçisi və sədridir.

Deyir ki, Türkiyədəki vəziyyəti gördükdən sonra yardım etmək üçün qeydiyyatdan
keçib və əraziyə göndərilib: “Bura gəlməzdən öncə vəziyyəti təxmin edirdim.
Soyuq hava, təhlükə riski məni qorxutmadı. İlk vaxtlar şəraitin zəif olacağını
da bilirdim, amma məqsədim zəlzələ qurbanlarına yardım etmək və dəstək
göstərməkdir. Əgər qardaşın çətindədirsə, özünü düşünmürsən axı… Qardaşlıq bu
deməkdir. Biz “bir millət, iki dövlət” anlayışı ilə hərəkət etməliyik. Zəlzələ
bölgəsindəyik, təhlükə ola bilər, bu, normaldır. Bunu gözə alıb gəliriksə,
deməli, hər şeyə hazırıq. Valideynlərim də məni canla-başla yola saldılar və
ora getməyimin borcum olduğunu bildirdilər”.

“İşimin öhdəsindən gəlirəm”

Könüllərimiz orada əsasən humanitar dəstək göstərirlər. Onlar təbii fəlakət
nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri
dağılmış insanların yemək, tibbi ləvazimatla təmin edilməsində və humanitar
yardımların çeşidlənməsində iştirak edirlər. Müsahibimiz əsasən çadırların
qurulmasında köməklik göstərir: “Kahramanmaraşda bir çox məntəqədə
könüllülərimiz canla-başla işləyirlər. Bundan əlavə, Hatay və Adıyaman
bölgəsində də çadırların qurulmasında iştirak edirik. Bununla bağlı təlim
keçdiyim üçün rahatlıqla işimin öhdəsindən gəlirəm. Çadırların qurulması və tam
təchizatla təmin edilməsi prosesindən əlavə olaraq, burada uşaqlara psixoloji
dəstək də oluruq. Bununla məşğul olan könüllü psixoloqlarımız var. Eyni zamanda
onlarla oyunlar oynayır, vaxt keçiririk ki, zəlzələnin psixoloji təsirlərindən
maksimum az zərərlə çıxsınlar”.

Çarəsizlik hissini burada tanıdım

Hazırkı mühitlə bağlı məlumat verən həmsöhbətimiz deyir ki, çarəsizlik hissini
sözün əsl mənasında burada hiss edib: “O qədər çarəsizdirlər ki… Onlar üçün
çadır qurduqda üzlərində təbəssüm yaranır. Həm sevinirlər, həm də kövrəlirlər.
Ona görə sevinirlər ki, çadır da olsa, gecə qalacaqları yer var. Amma bu
insanlar həmin dəhşətli gecəyə qədər evli-eşikli, xoşbəxt idilər. Belə dərdləri
yox idi. Nə yaxınlarını itirmişdilər, nə də isti yuvalarını. O çarəsizlik hissi
hər birinin simasında, gözlərində görünür. Burada duyğular çox qarışıqdır”.

Kahramanmaraş donub qaldığımız yerdir

Müsahibimiz deyir ki, burada ancaq susursan: “Olduğumuz mühiti izah etmək
mümkün deyil. Bəzən insan elə bir hadisə ilə qarşılaşır ki, onu ifadə etməyə
cümlələr yoxdur. Tamamilə susub qalırsan. Kahramanmaraş donub (susub)
qaldığımız yerdir. Dərdlərini dərindən anlamaq üçün özümü dəfələrlə onların
yerinə qoymağa çalışmışam. Mən olsam nə edərdim? Cavabım yoxdur. Biz burada
kədərlənməməyə çalışırıq. Özümüzü daim ələ alırıq. Çünki bura kədərlənməyə,
ağlamağa yox, həmin insanlara dəstək, dayaq olmağa gəlmişik. Ağlasaq, kövrəlsək
heç bir köməyimiz olmaz”.

“Yanlarındayıq, amma kədərləri çox ağırdır”

Hafiz deyir ki, insanların soyuqqanlılığı əvvəllər ona təəccüblü gəlirdi:
“Düşünürdüm ki, necə olur belə böyük faciənin qarşısında bəzən ağlamırlar,
itkilərindən rahatlıqla danışırlar. Sonra anladım ki, səbəbi çarəsizlikləridir.
Məsələn, döyüşdə vuruşursan, şəhid olursan, bir məqsədin, amalın var, yaxud
xəstələnirsən, ölümün gözləniləndir. Amma bu hadisə çox fərqlidir. Bir gecədə
həyatın alt-üst olur. Həm yaxınlarını, həm evini itirirsən. İnsanın onu dərk
etməsi, alışması çox çətindir. Burada insan var ki, 3 uşağını bir gecədə
itirib, amma hələ dərk edə bilmir. Buna həqiqətən inana bilmir. Həmin insanlara
dəstək olmağa çalışırıq. Biz onların bacısı, qardaşıyıq. Düzdür, yanlarındayıq,
amma kədərləri çox ağırdır. Bu hissi ancaq yaşayan bilər. Məsələn, bir nəfər
gəlmişdi, yaxınını itirmişdi. Bu hadisəni bizə elə danışırdı ki, elə bir yad
insandan danışır. O qədər şokda idi. Çarəsizliyi, bir gecədə itirməyi qəbul edə
bilmir. Ya da qəbul edib, tükənib. Elə olur ki, uşaqlarla oynayanda onlarla
birlikdə, onları əyləndirmək üçün gülürük. Bir neçə dəqiqə sonra ailəsini
itirən insan görür, gülüşümüz üzümüzdə donur, kədərlənirik”.

Bacım dedi ki, mən ölsəm halva bişirməzsiniz…

Hafiz təsirindən uzun müddət çıxa bilmədiyi hadisəni də bizimlə bölüşdü:
“Çadır qurduqdan sonra istirahət edirdik. Bir nəfər əlində şirniyyatla bizə
yaxınlaşdı. Azərbaycanlı olduğumuzu bildikdə, “vətənimizə xoş gəlmişsiniz” dedi
və şirniyyatı bizə uzatdı. Dedi ki, bacım mənə demişdi ki, mən ölsəm halva
bişirməzsiniz. Məhz bu şirniyyatdan bişirib paylayarsınız. Bu səhnə mənə çox
pis təsir etdi. Yəqin ki, həyatım boyunca da unutmayacağam”.

Toplanma məntəqələri risk altında deyil

Məlumdur ki, həmin bölgədə hələ təhlükə sovuşmayıb. Tez-tez yeraltı təkanlar
olur. Müsahibimiz deyir ki, düşərgəyə gəlməzdən öncə bütün təlimatları
öyrəniblər: “Təbii ki, binalarda deyilik, amma orada olduğumuz zaman belə,
etməli olduqlarımız bizə öyrədilib. Bununla bağlı təlimatlandırılmışıq. Zəlzələ
olduğu zaman açıq ərazidə toplanma məntəqələrimiz var, ora yığılırıq,
təkanların bitməyini gözləyirik. Burada hər şey sistemli şəkildədir. Toplanma
məntəqələri boş sahədədir və risk altında deyil. Həmin sahəyə yığılıb
zəlzələnin keçməyini gözləyirik”.

“Abi”, “abla”, gəl oynayaq deyirlər”

Hafizin sözlərinə görə, o bölgənin sakinləri azərbaycanlı olduqlarını
bildikdə, onları qucaqlayıb öpürlər: “Deyirlər ki, siz bizim
qardaşlarımızsınız. Uşaqlar da bizə böyük bacı, qardaşı kimi yanaşırlar. “Abi”,
“abla”, gəl oynayaq deyirlər. Onları xoşbəxt etməyə çalışır, işlərimizi
bitirdikdə voleybol, futbol oynayırıq”.

Biz bir yumruq, bir ürək, bir canıq

Həmsöhbətimiz sonda vurğuladı ki, insanların ehtiyacı olduğu vaxtda onlara
dəstək olmaq, bu ərazilərdəki könüllülük fəaliyyəti onun üçün qürurvericidir:
“Nəinki fəaliyyətimin, hətta həyatımın unudulmaz anlarını burada yaşadım.
Burada könüllü olmaq, kömək etmək qürurvercidir. Bir amal uğrunda, öz
qardaşlarımıza dəstək üçün buradayıq. Bakıda olanda da həm maddi, həm mənəvi
dəstək göstərirdim. Bura gəlmək lazım idi və gəldik. Necə deyərlər, biz bir
yumruq, bir ürək, bir canıq. Onların canı yananda bizim də canımız yanır”.

Source link