cec38862-20c1-4a16-9153-715bfc310b82.webp

Onlayn biletlər və təhsil ödənişləri – Nazirlik 57 nəfər seçdi

Baxış sayı: 165 dəfə baxılıb.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı
təqdimat keçirilib.

Cixisyolu.com xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış
edərək mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti haqqında söz açıb.

Qeyd edilib ki, rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və
əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq,
mədəniyyət nazirinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi
üzrə İşçi qrupu yaradılıb.

İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, mədəniyyətin
rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilib,
mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet
istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq
modullar müəyyənləşdirilib.

Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture matrisi”
formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart
tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi,
icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, İşçi qrupu
tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture”
rəqəmsal inkişaf strategiyası” (2024-26-cı illər) hazırlanaraq təsdiq edilib.

Bildirilib ki, strategiyanın əhatə etdiyi dövr ərzində Mədəniyyət Nazirliyində
vahid “Elektron kabinet” sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu
kabinetə inteqrasiyası, mədəniyyət sahəsində bütün müvafiq klasterlər üzrə,
eləcə də onlayn biletlərin təmin edilməsi, Mədəniyyət Nazirliyinin fərdi
məlumatlar toplanan və işlənən bütün informasiya sistemlərinin “Fərdi
məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi və s.
hədəflərə nail olunması nəzərdə tutulur.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri
Rəşad Əzizov nazirliyin “e-Culture rəqəmsal inkişaf strategiyası”nın icrası
haqqında danışıb. Vurğulanıb ki, İT parkın və şəbəkə təhlükəsizliyinin auditi
aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib.

Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal
analitik təhlillərin aparılması təmin edilib. Milli domen zonası üzrə 20 domen
adı vahid inzibatçılıq siyasəti çərçivəsindən, xarici domen zonaları üzrə yeddi
domen nazirliyin domen hesabına keçirilib. Müxtəlif klasterlər və modullar üzrə
hüquqi baza təhlil edilib. IMES.culture.az resursunun kodları və data bazası
“Ultra” şirkətindən götürülüb. Bakı şəhəri üzrə 37 musiqi məktəbindən IMES
Reyestrdə işləmək üçün məsul şəxslər (57 müəllim) müəyyənləşdirilib. Mədəniyyət
Nazirliyinin 40-dan çox informasiya resursu audit olunub. Nazirliyin iki fərdi
məlumatların informasiya sisteminin dövlət qeydiyyatına alınması təmin edilib.
Eləcə də, ölkə üzrə informasiya sistemlərinə inteqrasiya və “Hökumət buludu”na
keçid təmin olunub. Bundan əlavə, daxili idarəetmənin rəqəmsallaşması da həyata
keçirilib.

Hazırda Mədəniyyət Nazirliyinin ölkə üzrə mədəniyyət obyektləri və
müəssisələrinin reyestrinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.

Bundan başqa, Bakı şəhəri üzrə 13 mədəniyyət müəssisəsi və 30 incəsənət
məktəbində ödənişli tədris və dərnəklərin qeydiyyatı, ödənişlərin onlayn həyata
keçirilməsi təmin edilib. 11 xidmətin biznes modeli qurulub, texniki tapşırığı
hazırlanıb. Altı xidmət elektronlaşdırılıb, hazırda test mərhələsindədir.
Mədəniyyət Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabının
tanıdılması (“Blue tick”) təmin edilib. Elektron imza sertifikatları ilə bağlı
Milli Sertifikat Xidmətləri Mərkəzinə (MSXM) müraciət edilib və vahid reyestr
yaradılıb. Pilot layihə olaraq, Rəşid Behbudov adına 2 nömrəli 11 illik Uşaq
Musiqi Məktəbində tətbiq edilib.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova
nazirliyin rəsmi saytı (culture.gov.az) barədə məlumat verib. Sonda media
nümayəndələrinin sualları cavablandırılıb.

Aygün Mirakif

Source link