0d1a4830-58d8-4c0e-9ca3-b14515a2ffc6.jpg

“Onlayn lotereya” DƏLƏDUZLUĞU – 1.2 milyon manat necə ƏLƏ KEÇİRİLİB?

Baxış sayı: 217 dəfə baxılıb.

“Onlayn lotereya” adı ilə 1 milyon 232 min manat ələ keçirməkdə
təqsirləndirilən Tənzilə Kərimovanın məhkəməsi davam etdirilib.

Bizim.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar
İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Zərərçəkmişlərdən Həcər Baxışova “Onlayn lotereya” oynamaq məqsədilə yaradılan
qruplarından birinin rəhbəri olub. O, rəfiqəsi ilə qrupa qoşulduğunu bildirib.

“Mən 2-ci qrupun rəhbəri olmuşam. Rəfiqəmlə birgə bu oyuna daxil olmuşduq. May
ayında qrupa qoşuldum, bir aydan sonra rəhbər vəzifəsinə təyin edildim.
Səbəbini aktiv olmağım kimi göstərmişdilər. Qrupa 10-a yaxın adam gətirmişəm.
Ümumilikdə 2500 manat pul qoymuşam və pulum qaytarılmayıb”.

Tənzilə Kərimova zərərçəkənə göndərdiyi 61 min manat pulu çıxarmağı ilə bağlı
sual verib.

Həcər Baxışova bildirib ki, həmin pulu kartdan çıxarıb və qrup iştirakçılarına
paylayıb.

Məhkəmə zərərçəkmişdən həmin pullarla bağlı hesabat istəyib.

Digər zərərçəkən Aygün Fərəcova bildirib ki, bu şəbəkəyə sinif yoldaşı
vasitəsilə qoşulub.

Əvvəlcə vəd edilən pulu qazanıb. Daha sonra isə heç bir vəsait əldə edə
bilməyib:

“Qrupa qoşulduqdan sonra mən, xalam qızı, sinif yoldaşım 180 manatla oyuna
qatıldıq. Bizə vəd edilən 1260 manatı aldıq. Daha sonra digər qruplar açıldı.
Mən dəvət etdiyim şəxslərə görə də pul qazanırdım. Hazırda onlar da zərərçəkmiş
qismində tanınıblar. Sonralar açılan qruplara da əlavə olundum və qazandım. Ən
sonda açılan minlik qrupda qazanc əldə edə bilmədim. 3 450 manat pulum
qaytarılmadı”.

Hakim Aygün Fərəcovaya oyuna cəlb etdiyi şəxslərlə bağlı suallar ünvanlayıb.
Zərərçəkən bildirib ki, bu vəzifəni ona Tənzilə Kərimova tapşırıb:

“Mənə Tənzilə xanım deyirdi ki, digər şəxsləri qrupa əlavə etmə. Öz adınla
dəvət et. Pulu da mənə göndərərək digərlərini bölüşdürməyimi istəyirdi”.

Digər zərərçəkmişlərin də dindirilməsi üçün proses təxirə salınıb.

Növbəti iclas oktyabrın 16-a təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet
üzərindən “Onlayn lotereya” oyunları təşkil etməklə qruplar yaradaraq
insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559
manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

“Lotereya”da ilk əvvəl oyuna qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul
olunub, 8 nəfərin ödənişi – cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə
ödənilib. 2022-ci ilin iyul ayından “qat” sistemli oyun yaradıb. Həmin sistemə
əsasən, yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı
müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında
toplanırdı.

Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilib. Yəni
iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul
götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit
hesaba yatırırdı. Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal
üçün iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat
deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba
yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq
adı ilə yatırım etmiş şəxsə verilirdi.

Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb Daxili İşlər
Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və
Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi
başlanıb. Onun barəsində “polis nəzarətinə altına verilmə” qətimkan tədbiri
seçilib.

Source link