Ordu generallarının Türkiyə səfəri: İki ölkə arasında hərbi əlaqələr yeni
müstəviyə keçir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun 6 generalının Ankaraya səfəri və Türkiyə milli müdafiə
naziri Yaşar Gülərin onları qəbul etməsi iki qardaş ölkə arasındakı hərbi
əlaqələrin yüksələn xətlə inkişafına bariz bir nümunədir.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı
səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz
deyib.
O bildirib ki, azərbaycanlı generallar İkinci Ordu Komandanlığını, Ankarada
Milli Müdafiə Nazirliyini, Baş Qərargahı və Quru Qoşunları Komandanlığını,
əməliyyat mərkəzlərini ziyarət ediblər, virtual olaraq sərhədlər, qurulan
ağıllı hərbi postları müşahidə ediblər: “Bundan başqa Birinci Ordu Qərargahı,
Əməliyyat Mərkəzləri və Müdafiə Sənayesi üçün Baykar Texnologiya Maşınlarının
fəaliyyətini nəzərdən keçirmək, məlumat və təcrübə əldə etmək, dostluq və
qardaşlığı daha da gücləndirmək üçün fikir mübadiləsi aparmaq imkanı
qazanıblar. Bu baxımdan milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Ordusunun
generallarını ən yüksək səviyyədə qəbul edib”.
Y.Karüzün sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi əlaqələri 1991-ci ilin
sonundan etibarən qurulmağa başlasa da, İkinci Qarabağ müharibəsindən sonra
daha da yüksələn xətlə möhkəm, sarsılmaz əsaslar üzərində formalaşıb:
“Türkiyə-Azərbaycan münasibətləri daha öncə demək olar ki, hərbi əlaqələr
üzərində qurulmuşdu. Lakin Türkiyə-Azərbaycan münasibətləri Qarabağ müharibəsi
öncəsi və sonrası, Şuşa bəyannaməsinə qədər uzanan prosesdə tarixin ən yüksək
siyasi, hərbi səviyyəsinə çatdı. Qələbədən sonra da bu əlaqələr həm siyasi, həm
iqtisadi, həm də hərbi baxımdan daha çox inkişaf edir”.
Ehtiyatda olan generalın fikrincə, “Türk ordu modelinə keçmək” ifadəsi əslində
modern bir orduya sahib olmaq deməkdir. O qeyd edib ki, bu çərçivədə
Azərbaycanda komanda birləşmələrinin yaradılması, Milli Müdafiə Universitetinin
qurulması, Baş Qərargahda, komandanlıqda və digər sahələrdə, konsepsiyada
dəyişikliklərin edilməsi, Türkiyə ilə vahid hava məkanı, vahid ordu modeli
prinsiplərindən hərəkət edərək bir sıra fəaliyyətlər həyata keçirilib.
“Bu prizmadan baxanda edilən yeniliklər və bu çərçivədə Milli Müdafiə
Universitetinə edilən təyinat, digər dəyişikliklər, aparılan islahatlar modern
ordu quruculuğuna xidmət etməkdədir. “Bir millət, iki dövlət” prinsipi, vahid
hava sahəsi formulu, müdafiə sənayesində Şuşa bəyənnaməsinin tələblərindən
irəli gələn birgə istehsal modelinə keçid xüsusiyyətləri də daxil olmaqla hərbi
əlaqələrimiz də hər keçən gün artaraq davam edir”, – hərbi ekspert vurğulayıb.
Xatırladaq ki, Türkiyəyə gedən heyətdə Azərbaycan Ordusunun korpus kmandanları
general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev və digərləri
olub.