Ordubadda Azadkənd tam orta məktəbi istifadəyə verildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 24-də Naxçıvanın Ordubad rayonunun Azadkənd tam orta məktəbi
istifadəyə verilib.
Cixisyolu.com xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın
elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı
təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və
biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllim otaqları, hərbi
kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23
kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.
Məktəbin müəllimləri ilə görüş zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfli
Naxçıvan təhsilinin hər zaman ümumölkə səviyyəsində qabaqcıl yerlər tutduğunu
və ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək, Naxçıvanda
yaxşı təhsil ənənələrinin olduğunu bildirib. Qeyd olunub ki, belə müasir məktəb
binalarının istifadəyə verilməsi bu ənənələrin innovativ yeniliklər əsasında
daha da təkmilləşdirilməsinə imkan verəcək.
Vurğulanıb ki, hazırda Azadkənd tam orta məktəbində 155 şagird təhsilini davam
etdirir. Onların təlim-tərbiyəsi ilə məşğul olan 22 müəllimdən 4-ü işə qəbul
üzrə keçirilən müsabiqə vasitəsilə təyin olunmuş gənc müəllimlərdir.
Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi
yaradılıb.
Həmin gün Ordubad şəhər internat tam orta, texniki peşə və sürücülük
məktəblərinə də baxış olub.