55cf7822-6fee-441e-8060-b345cf6d6e14..jpg

Ordubadda yeni hotel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək – FOTO

Baxış sayı: 649 dəfə baxılıb.

Ordubadda yeni hotel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub,
sakinlərlə görüşüb.

Cixisyolu.com xəbər verir ki, görüşdən əvvəl səlahiyyətli nümayəndə Fuad Nəcəfli və
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, ümummilli liderimiz
Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül
dəstələri qoyublar.

Sonra vətəndaşları qəbul edən səlahiyyətli nümayəndə ötən dövrdə də sakinlərlə
görüşlərin keçirildiyini, bu cür görüşlərin nöqsan və çatışmazlıqların
müəyyənləşdirilməsi və həllində mühüm rol oynadığını bildirib. Vurğulayıb ki,
il ərzində rayonun bir sıra yaşayış məntəqələrində su təminatı yaxşılaşdırılıb,
yollar yenidən qurulub, körpülər tikilib və digər tədbirlər görülüb. “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün
Dövlət Proqramı”nın belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli
şəkildə təşkilinə imkan verəcəyini bildirən Fuad Nəcəfli qeyd edib ki, gələn
ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq.
Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni hotel kompleksi
tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına
uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla,
orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq, şəhərdə inşa olunacaq Şəhidlər
Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri
əbədiləşdiriləcək. Bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası, yeni
istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa
olunacaq, qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər
inşa ediləcək. Bütün bunlar əhalinin rifah halını yüksəldəcək.

F.Nəcəfli söyləyib ki, ötən dövrdə aparılan vətəndaş qəbulları nəticəsində
qlobal istiləşmə zəminində muxtar respublikada əhalinin ən çox əziyyət çəkdiyi
problemlərin əsasında içməli su təminatının dayandığı müəyyən edilib.
Naxçıvanda bu baxımdan ən çox əziyyət çəkən 12 yaşayış məntəqəsi
müəyyənləşdirilib və Heydər Əliyev Fondu tərəfindən mövcud problemlərin qısa
zamanda aradan qaldırılması üçün vəsait ayrılıb. Bu yaşayış məntəqələri
sırasında Ordubadın Düylün kəndi də var.

Səlahiyyətli nümayəndə qeyd edib ki, ölkəmiz üçün olduqca uğurlu il olan
2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini, Ulu Öndərin
siyasətini uğurla davam etdirərək ölkəmizi zəfərdən zəfərə aparan cənab İlham
Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyini və digər mötəbər
tədbirləri qeyd etdik. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyimiz tam
bərpa olundu. Növbəti il isə ölkəmizin bütün ərazisində prezident seçkilərinin
keçirilməsi ilə yaddaqalan olacaq.

F.Nəcəfli bu cür görüşlərdə fəal iştirak etməklə mövcud problemlərin gündəmə
gətirilməsinə və həllinə dəstək göstərdiklərinə görə Ordubad rayon
ictimaiyyətinə təşəkkür edib, hər kəsi gələn il səsvermə hüququndan istifadə
etməyə səsləyib.

Sonra görüşdə iştirak edən rayon sakinlərinin hər biri ilə fərdi söhbət
aparılıb, onların problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər biri
protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun
tədbirlərin görüləcəyi bildirilib.

Source link