Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir – REPORTAJ +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hamamlar tarix boyu insanların həyatında müstəsna yer tutub, istirahət,
ünsiyyət və sövdələşmələr üçün əlverişli məkan olub. Hazırda tarixi hamamların
əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə
istifadə olunur. Lakin Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun
özünəməxsus abidələrindən olan Nüsnüs hamamı barədə bunu demək mümkün deyil.
Çünki bu tarixi tikili ziyarətçilərdən daha çox bərpa olunması üçün
mütəxəssislərin yolunu gözləyir.
Ordubadın Nüsnüs kəndində yerləşən hamam yeraltı hamamlar qrupuna aiddir.
Abidə XIV-XV əsrlərdə inşa olunub və kəndin yuxarı hissəsində, dağın ətəyində
yerləşir. Hamamın ətraf ərazisi Murqalan adlanır. Onun əsas hissəsi yerin
altında, günbəz və giriş qapısı isə yerin üzərindədir.
Hamama daxil olmaq üçün 12 pilləkən aşağı enməli olursan. Əsrlər keçsə belə,
öz möhtəşəmliyini və qədimiliyini hələ də qoruyub saxlayıb. Bu hamamı digər
orta əsr hamamlarından fərqləndirən əsas xüsusiyyət divarların, günbəzin və tağ
tavanlarının dağ daşları ilə inşa olunmasıdır. Hamamın içərisi isə günbəz və
tavanın mərkəzində yerləşdirilən baca vasitəsilə işıqlandırılıb.
Tikilinin planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik
köməkçi otaqlardan ibarətdir. Otaqları qızdırmaq üçün samandan və odundan
istifadə ediblər. Saman ocağa qoyulduqdan sonra onun ağzı və bacası qapadılır.
Yaranan istilik həm anbardakı suyu qızdırır, həm də hamamın döşəməsinin altında
yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırır.
Kənd sakinlərinin dediklərinə görə, hamam 1940-1950-ci illərə qədər istifadə
olunub. Burada həftənin müəyyən günləri qadınlar, müəyyən günləri isə kişilər
çimiblər.
Nüsnüs hamamının ucqar ərazidə inşa olunması isə su mənbələri ilə
əlaqələndirilir. Deyilənlərə görə, su dağın ətəyindəki bulaqdan saxsı borular
vasitəsilə hamama gətirilib…
Zaman öz işini görüb. Hamamın salonları artıq yararsız hala düşüb, hovuzun, su
anbarının (tulunbar) üzəri toz qatları ilə örtülüb. Odur ki, Şərq memarlığı
üslubunda inşa edilən bu unikal abidənin ciddi bərpaya ehtiyacı var.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Həsən Kərimov
“Report”a bildirib ki, Ordubad rayonunda yerləşən 299 abidədən 200-ü Ordubad
şəhərində yerləşir.
“Burada qoruğun yaradılması həmin abidələrin qorunması, tədqiqi və təbliği
baxımından xüsusi əhəmiyyət kəsb edir. Və belə abidələrdən biri də Nüsnüs
hamamıdır. Nüsnüs hamamı yerli əhəmiyyətli abidə olsa da, o, özünəməxsus həcm,
plan və memarlıq quruluşu ilə digər abidələrdən seçilir. Həmin abidənin bərpası
təmin ediləcək”, – deyə nazirlik rəsmisi vurğulayıb.
“Report” İnformasiya Agentliyi