Ordumuzun mövqeləri dörd istiqamətdən atəşə tutulub
Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun
Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər
rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan
fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri
tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində
yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.