Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca rəqəmsal
platforma (kəsintisiz rəqəmsal dəhliz) yaradılır və o bu ilin sonu və ya gələn
ilin əvvəlində istifadəyə veriləcək.
“Report” xəbər verir ki, bunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR)
Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.
Onun sözlərinə görə, platforma Sinqapurun “PSA International” şirkətinin
törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır
və o bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub.
Q.Abdikerimov həmçinin fevral ayında “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli dəmir
yolu şirkəti ilə Çinin “Huawei” şirkəti tərəfindən yaradılmış İnnovasiya
Mərkəzinin açılışını da xatırladıb. Bu layihənin TITR-in inkişafına yeni təkan
verəcəyi və Avrasiyada ticari-iqtisadi əməkdaşlığı gücləndirəcəyi gözlənilir.
İnnovasiya Mərkəzi dəmir yolu nəqliyyatının səmərəliliyini artırmaq üçün
rəqəmsal həllər təqdim edən “Smart Railway” layihəsini həyata keçirmək üçün
yaradılıb.
Q.Abdikərimov eyni zamanda yaxın gələcək üçün dəmir yollarının və limanların
inkişafı ilə bağlı planları da açıqlayıb: “Hazırda ümumi dəyəri 6,5 milyard ABŞ
dolları olan infrastruktur layihələri, o cümlədən Dostıq-Aktoqay-Moyıntı və
Şalkar-Beyneu-Mangistau dəmir yolu qovşaqlarının ikinci xəttinin, həmçinin
Almatı dolama dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihələr tıxac
problemlərini həll etməklə gələcək nəqliyyat dəhlizlərində əhəmiyyətli
irəliləyişlər vəd edir. Bu kimi infrastruktur layihələri nəqliyyat sıxlığının
azaldılması və aradan qaldırılması üçün vacibdir”.
Onun sözlərinə görə, bundan əlavə, buğda terminallarının tikintisi davam
etdirilir.
“Orta Dəhliz üzrə yük axınının 80 %-i Qazaxıstandan gəlir. Qazaxıstanın
ixracına neft və neft məhsulları, əlvan metallar, taxıl məhsulları, buğda,
kükürd daxildir – bütün bunlar Orta Dəhliz vasitəsilə reallaşdırılır”, –
Q.Abdikerimov bildirib.
Qeyd edək ki, Azərbaycan Qazaxıstan nefti və uranının aşınma məntəqəsi olmaqla
yanaşı, Qazaxıstan mallarının, o cümlədən buğdanın istehlakçısı kimi çıxış edir.
TITR Beynəlxalq Assosiasiyası 2017-ci ildə yaradılıb. Əvvəlcə 3 ölkədə –
Qazaxıstan, Azərbaycan və Gürcüstanda 7 şirkətlə qurulan bu qurum hazırda 25
infrastruktur və logistika şirkəti ilə 11 ölkəni əhatə edir.