e39507aa-bfd2-4b2f-8558-9e95448210c3..jpg

Orxan Fikrətoğlu: “Azərbaycanda sosial şəbəkələr laqqırtı və təhqir meydanıdır” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 727 dəfə baxılıb.

Orxan Fikrətoğlu: “Azərbaycanda sosial şəbəkələr laqqırtı və təhqir
meydanıdır” – MÜSAHİBƏ + FOTO

“Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün
reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib”.

Bu sözləri Kulis.az-a müsahibəsində yazıçı, jurnalist, Əməkdar incəsənət
xadimi Orxan Fikrətoğlu deyib.

Müsahibəni təqdim edirik:

– Orxan müəllim, necəsiniz? Həyat necə gedir, nə işlər görürsünüz?

– Çox sağ olun. Həyatıma ayrılmış zaman su kimi axıb gedir. Vaxtdan da çıxa
bilmədim. Biz posttarix, postsivilizasiya, postinsan dönəmini yaşayırıq. Mənim
işim sizdən çətindir, çünki mən o dönəmi bu günlə müqayisə edə bilirəm. Tarixin
yaşandığı və bitdiyi dönəmi özüm üçün müqayisə edirəm və təəccüblənirəm ki, siz
bu bəsit reallıqda necə yaşayacaqsınız?

– Çox adam sizi “Köhnə azərbaycanlı” Orxan Fikrətoğlu kimi tanıyır. Kimdir bu
“köhnə azərbaycanlı”, necədir?

– Sevdiyim yazıçı Murkokun “Zaman sınırında rəqslər” adlı bir əsəri var. Bu
əsər Avropanın modern, fentezi və ənənəvi mədəniyyətlərinin miksindən
formalaşmış “zaman kənarında” oynanılan bir sənət nümunəsidir. Köhnə
azərbaycanlı məqamı da mənim üçün həmin söylədiyim və bitmiş tarixin süni
zamanla kəsişdiyi sərhəddə efir məkanı işində özüm üçün bəlli etdiyim bir
sərhəd dirəyidir və mən həmin bu sərhəddə söz rəqslərini edirəm.
Sadəlövhlükdür? Tam razıyam. Amma özümlə bacarmıram.

– ANS vaxtınızda ölkənin gündəm mövzularını satirik münasibətinizlə təhlil
edirdiniz. Deyəsən, indi o enerji qalmayıb sizdə. Yoxsa həvəsiniz yoxdur?

– Biz postjurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur.
Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika
peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi
“məni maarifləndir” sifarişini vermir. Kütlə istəyir ki, qapı deşiyindən
kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün “Zorxana” sifarişi
yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta
informativ məkanda “texno qəbulediciyə” çevrilib. İnsanlar daha xəbəri analiz
edib ondan nəticə çıxarmırlar. Sadəcə, olanları dalğa kimi qəbul edib, onu öz
ağıllarında şərh etməyə çalışırlar. Bu gün insanlıq ədəbiyyatın, sənətin və
medianın “kolxoz dönəmi”ni yaşayır. “At da hamınındır. Torpaq da”. Amma əməldə
beyin – əkin əkilmir.

– “Ölü mətn” əsəri postsufi bir əsərdir və bu əsəriniz çoxlu rezonans doğurdu.
Sizcə, 22-ci əsrin başlanğıcında modern bir insan kapitalizmin içində yaşayaraq
sufizmdən anlaya bilərmi?

– Dünyanı idarə etməyə çalışanlar, yəni ölkələr üçün yeni idarəçilik modelləri
düşünən siyasətçilər ədəbiyyatın, kinonun və xüsusilə də dinin proqressiv
qanadına aid olan təriqətlərin tamamilə məhvinə yönəlik bir doktrina
yürüdürlər. Sufizm nədir? Gəlin əvvəlcə onu araşdıraq. Sufizm Allahı hiss
etməkdir. Əminlikdir. Allahın göndərdiyi kitabı elm yolu ilə və ya ibadət
edərək, müəyyən ilahi əmrləri anlayıb, əməl edərək, onun tabu və sərhədləri
içində yaşayaraq deyil, qəlbinlə hiss etməkdir. Sufi sərhədsizdir. Sufi,
sadəcə, Allaha sevgidir və onunla Allah arasında heç bir vasitə və vasitəçi
yoxdur. Sufi Allahı susmaqla, şeirlə və digər təriqətinə uyğun vasitələrlə
tanıyır. Sevir və tanıdır.

Döyənə əlsiz gərək,

Söyənə dilsiz gərək,

Dərviş könülsüz gərək –

Sən dərviş olamazsın!

22-ci əsrin insanı insaniyyətin əldə etdiyi bütün ənənələri unutmuş, ailə
modeli daxil elementar ənənələri belə daha yaşamaq istəməyən texnoinsandır. O,
posttarix dönəmini ideyasız və arzusuz yaşayır. Bu insanın missiyası
Aristoteldən qalma “katarsis” anını yaşamaq deyil. Bu insanın məqsədi
ilahiləşmək deyil, Allah olmaq deyil, hətta Şeytan olmaq belə, deyil. Nə qədər
qəribə olsa da, bu insanın missiyası, sadəcə, ötürücüyə çevrilməkdir. Məsələn,
siz İlon Maskın layihələrinə baxın, Marsa uçmaq və “Twitter”də insanlara öz
kontentlərini nümayiş etdikdən sonra yeni bir TV açmaq imkanını yaratmaqdır.
Təbii ki, bu yanaşmanı Mask yaratmayıb, bu istək dünyanı yönəldənlərin
siyasətidir. Marsa kim uçmaq istəyər? Hissiz, tarixsiz, ailəsiz və ənənəsiz bir
insanın, təbii ki, Marsa uçmaq istəyi olacaq. Onun artıq vətəni yoxdur. Amma
məsələ bundadır ki, Marsa uçuşun özü də utopiyadır. Pul tələsidir.

Marsa hələ yaxın 200 ildə heç kəs uçmayacaq, bu, sadəcə, həm biznes layihəsi,
həm də qorxulu bir işdir. İnsan hissiyyatını itirib. Bu keyfiyyətsiz informativ
burulğanın içində yaşayan insanın sufizmdən kənarda qalması mənim üçün bir
faciədir. Amma sufizmi Azərbaycanın bir məhəlləsinə belə, realda tətbiq etmək
mümkün deyil, bunu izah etmək də mümkün deyil. “Ölü mətn” romanı isə, əslində,
mənim şəcərəmin 100 il içində yaşadıqlarıdır. İçində sevgisini qoruyan bir mətn
müəllifinin taleyidir. Və o taledə şəcərənin sonuncu insanı əsirdir və laldır.
Bu gün xəlvətiyyə dərviş təriqətinə, Seyid Yəhya Bakuvinin təliminə rəğmən, biz
hamılıqla xəlvətdəyik. Yəni Xaqanidən, Nizamidən gələn Azərbaycan şüuru bu gün
də xəlvətdədir. Əslində, sağlam dünyanın özü də xəlvətdədir və bu reallıq ruhən
bizə çox yaxındır. Bu gün əsl insan fikir mağarasındadır, mənim fikrimcə,
ortada hərlənən bu psevdomühit isə əsl insanlar deyil.

– İllər öncəki bir köhnə verilişinizi izlədim, orada kinayə ilə: “Bəri başdan
deyim ki, deputat olmaq fikrim yoxdur”, – deyirsiniz. Niyə deputat olmaq
istəmirdiniz? İndi də yoxdur belə istəyiniz?

– Dövlətin təməl prinsiplərinə xidmət etmək hər bir vətəndaşın borcudur.
Azərbaycan dövlətinin müstəqilliyini qorumaq da. Çünki mən burada yaşayıram və
bura mənim ərazimdir. Siyasətlə isə siyasəti bilənlər məşğul olmalıdırlar,
mənim işim ədəbiyyatdır. Təbii ki, mən oraya gedib zamanımı itirmək istəmərəm.

– Orxan müəllim, siz sosial şəbəkələrdə qəribə bir susqunluq içərisindəsiniz,
sanki yoxsunuz. “Facebook”da da çox az dostunuz var. Bu sosial şəbəkələr,
“TikTok”, “Instagram” nə demək istəyir?

– Çox qarışıq bir dövrdə yaşayırıq. Hər bir insan özü üçün “filosof”dur,
“yazıçı”dır. Və bu dırnaqarası “yazıçı” və “filosof”ların içində gerçək və
yalan ədəbiyyatın sərhədi itib. Artıq hamı təfəkkür yiyəsidir, hamı fikir
söyləyə bilir. Hamı özünü artıq oxucu kimi deyil, yazıçı kimi hiss edir. Bu
total sözçülük və total boşboğazlıq reallığında idarə olunan “TikTok” və başqa
sosial seqmentlər birmənalı olaraq cəmiyyətlərdə müstəqilliyi, fərdiliyi məhv
etmək üçün düşünülmüş siyasi sifarişlərdir. Bu gün sosial şəbəkələr orta
statistik azərbaycanlının inkişafına xidmət etməyəcək bir reallıqdadır. Amma
ağıllı ölkələr, ağıllı dövlətlər sosial şəbəkələrdən ağıl ilə istifadə edirlər,
elmi-texnoloji intibaha doğru addımlar atırlar. Sosial şəbəkələrdən pul
qazanırlar. Azərbaycanda isə sosial şəbəkələr laqqırtı, linç və bir-birini
təhqir etmək meydanıdır. Sizə deyim ki, artıq rəsmi qurumlar belə, sosial
şəbəkələrdən yararlanaraq işlərini tənzimləyirlər.

Dünyaya alternativ bir dünya yaradıblar, o dünyada hamı danışır. İş yox, əməl
yox, ancaq şüar və təhqirlər var. Cinayət işləri də açılır orada. Bu gün daha
bizə sosioloq da lazım deyil, hər şey oradadır, ağıllı adam orada hər şeyi
müqayisə edib, nəticə çıxara bilər.

– Televiziyada çalışırsınız. Telekanallarımızın hazırkı vəziyyəti sizi qane
edirmi?

– Maarifçilik pul gətirmir. Əgər TV bir gün pul gətirməsə, ikinci gün
bağlanacaq. TV-lərin böhran keçirməsinin səbəbi maliyyədir. Maliyyə
qaynaqlarının tapılması isə artıq Azərbaycanda azad biznesin inkişaf etməsi ilə
bağlıdır. Azad biznes niyə inkişaf etmir? Çünki monopoliya var, çünki bəzi
məmurlar siyasətdən kənar biznesə də girişirlər. Bunlar hamısı əxlaq
məsələləridir. Bir-birinə bağlıdırlar. Konkret olaraq bir TV-ni tənbeh etmək
düzgün deyil. Mediada tamamilə yeni yanaşmalar tətbiq edilməlidir. Media
vergidən azad olundu, düşünürəm, bu qanun TV-lərə şamil olunsa, tamamilə yeni
bir yanaşma ortaya çıxacaq. TV-lər dövlətə yararlı insanları yetişdirmək üçün,
azad nəfəs almaq üçün sabit maliyyə qaynaqlarına sahib olmalıdırlar.

– Orxan Fikrətoğlu özünü nə qədər uğurlu bir imza hesab edir?

– Açığı, Azərbaycan oxucusunun, tənqidinin, ədəbi mühitinin Orxan Fikrətoğlunu
sona qədər oxuyub, anlayıb, tanımasına və ədəbi zəmində dəyər verməsinə
inanmıram. Amma əminəm ki, haçansa daha yaxşı bir dönəmdə Orxan Fikrətoğlunun
birinci kitabından tutmuş sonuncu kitabına qədər çap olunmuş əsərlərinin
hamısının dəyəri veriləcək. Mənim haqqımda çoxlu elmi məqalələr yazılıb,
əsərlərim ətrafında analizlər aparılıb, elmi işlər müdafiə edilib. Amma
düşünürəm ki, hələ bu tam deyil. Mənə ən yaxın olan təhqiqat Şirindil
Alışanlının “Vaxt” kitabım haqqında yazdığı geniş təhlilidir və yazılarım bu
mətndə düzgün analiz olunub.

Mən həmişə yadlar içində doğma, doğmalar içində yad olmuş bir yazıçıyam. Çünki
formalaşmağım Moskvada olub, formalaşmağım daha çox Avropa nəsri üzərindəndir.
Azərbaycanda son dönəm yaranmış yeni nəsr isə ənənədən kənardır. Onun daxili
sütunları mənim nəsrimdə olduğu kimi, dünya və Avropa nəsr qaynaqlarından və
rəmziliklərindən qaynaqlanmır. Dediyiniz telelayihələr kimi köksüzdür. Mənim
görmək istədiklərim, yazmaq istədiklərim isə daha böyük ənənələrə bağlıdır.
Düşünürəm ki, bir nəsil gələcək, Orxan Fikrətoğlu imzası onlar üçün çox real və
örnək imza olacaq.

– Müasir yazarlarımızdan hansı müəllifləri bəyənir, oxuyursunuz?

– Ad çəkmək istəmirəm, çünki mənim üçün proses addan daha vacibdir. Tendensiya
olaraq müasir Azərbaycan poeziyasında, nəsrində kifayət qədər maraqlı imzalar
var. Amma bunların hamısı totalda müasir Azərbaycan ədəbiyyatı havasını yarada
bilmir. Bilirsinizmi, dünyada kim ədəbiyyat yaradırsa və ədəbiyyatı çox gözəl
bilirsə, ona sual verəndə ki ədəbiyyat nədir, deyir, bilmirəm, bilərəkdən deyir
ki, bilmirəm. Amma Azərbaycanda ədəbiyyatı bilməyənlər də deyirlər ki, mən
ədəbiyyatı bilirəm. Ədəbiyyatı bilmək mümkün deyil, ədəbiyyat bir prosesdir,
sən bu prosesin içindəsən. Dənizin damlası sənə dənizdən informasiya verə
bilməz, sən o sahilə çıxıb, dənizi görəndən sonra anlaya bilərsən ki, harada
yaşayırsan və kimsən.

Amma çox istəyərdim ki, dil baxımından, mövzu genişliyi baxımından indiki
nəsil ən azı 19-cu əsrin əvvəllərinə qayıtsın. Biz haradan gəlirdik, nəyi
istəyirdik? Məsələn, Azərbaycanın fiziki coğrafiyasını kim yaradıb? Müharibələr
və daha çox da işğalçılar. Azərbaycanın tarixini kim yaradıb? Atabəylər,
səlcuqlar və s. Azərbaycanın söz coğrafiyasını kim yaradıb? Nizami və Xaqani…
Xaqani ilə Nizaminin coğrafiyası bəs niyə daraldı? Niyə İsgəndərdən yazan
Nizami gəldi Hüseyn Caviddə turançılığa çıxdı? O konsepti biləndən sonra sən
yeni bir şey ortaya çıxara bilərsən.

– Azərbaycanda hansısa rejissoru bəyənirsinizmi?

– Teatrda sevdiyim xətt rəhmətlik Vaqif İbrahimoğlunun xəttidir. Mənim üç-dörd
pyesimi işləyib və tamaşaya qoyub. Başqa teatrlara mən əsər vermirəm, çünki o
pafos, o hay-küy mənə yaddır. Nə mən onlara uyğunam və nə onlar mənə
uyğundurlar. Azərbaycanda sevdiyim rejissor Bəxtiyar Xanızadədir və onun
Pantomima Teatrıdır. Mən belə hesab edirəm ki, Pantomima Teatrı Azərbaycanda
sənətlə məşğul olan az truppalardandır. Kinoda da, ədəbiyyatda da təki hamı
Bəxtiyar Xanızadənin susub danışmaq mexanizmini anlayaydı. Onların son əsəri,
Qoqolun “Şinel” əsərinə baxdım və fərəhləndim ki, Azərbaycanda hələ də sənət
qalıb. Vaqif İbrahimoğlunun o eksperimenti, təəssüf ki, total mədəniyyətə
çevrilə bilmədi. Vaqif İbrahimoğlunun ömrü və “Yuğ” teatrında yaratdığı
dəyərlər bizim dövrün dilidir.

Konsept olaraq Azərbaycan kinosu rəngkarlıq baxımından, kino operatorluğu və
aktyor oyunu baxımından heç də dünya kinematoqrafından geri qalmır. İdeoloji
müstəvidə rejissorların fərdi yanaşması zəminində də az-çox özəl adlar olub,
Arif Babayev olub, Şamil Mahmudbəyov olub. Ancaq kinoda intibah yaşadığımızı
deyə bilmərik. Mədəniyyət Nazirliyində baş verən müsbət dəyişiklik, yeni
nazirin təyin olunması, düşünürəm ki, vəziyyəti dəyişəcək. Buna zəmin var.

– Son dövrdə sosial şəbəkələrdə gənc nəsil və başqa sənətə aid olmayan şəxslər
yazıçı və şair adını paylaşımlarında aşağılamağa çalışırlar, bu insanlar niyə
bu işləri görürlər?

– Mənim üçün yazıçı cəmiyyətin sağlam ənənəsini, əxlaqını daşıyan və milli
dəyərlərlə sağlam yaşayan biri olmalıdır. Yazıçı örnəkdir, yazıçı misaldır.
Çünki sən bir millətin qəlb mühəndisisən. Sən bir millətin ruhaniyyətini
yaradırsan, sənin qəlbin və əlin çirklidirsə, necə ruhaniyyət yarada bilərsən?
Sən, əgər düşmüş, alçalmış bir insansansa, əxlaqdan, dəyərdən uzaqsansa,
deməli, mətnində də bu nöqsanlar görünəcək.

Source link