cbb902ee-ce40-4b77-871b-0d7828014bda.jpg

Orxan Məmmədov: “Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir”

Baxış sayı: 258 dəfə baxılıb.

“Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün
adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda
Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

“Halbuki, sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib
şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu
sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və
maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır”, – deyə o
qeyd edib.

“Bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab
vermir, hətta cavab verdikdə belə, maliyyə institutları kiçik kreditlərin
verilməsindən çəkinirlər”, – deyə sədr əlavə edib.

Bundan başqa, O.Məmmədov deyib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın reallaşması istiqamətində Agentliyin qarşısında
qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının
artırılması da yer alıb:

“Bu günə qədər KOBİA Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı
ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri keçirib, eləcə də agentlik yanında
İctimai Şuranın iclasları təşkil edilib. Bu tədbirlərin 56-sı 1 600-dən çox
sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olmuşdur”.

Source link