c79c5e32-eae2-4676-9c19-d97ac4613046..jpg

Orxan Məmmədov: “Sosial-iqtisadi inkişafın gücləndirilməsi üçün qadınların geniş potensialı var”

Baxış sayı: 675 dəfə baxılıb.

Orxan Məmmədov: “Sosial-iqtisadi inkişafın gücləndirilməsi üçün qadınların
geniş potensialı var”

“Azərbaycanda fərdi sahibkarların 22%-i qadınlardır, iqtisadi fəal əhalinin
isə 49%-ni qadınlar təşkil edirlər”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu
gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

O.Məmmədov bildirib ki, bu, davamlı sosial-iqtisadi inkişafın
gücləndirilməsində qadınların kifayət qədər geniş potensiala malik olduğuna
dəlalət edir.

Onun sözlərinə görə, sosial sahibkarlıq və ya beynəlxalq müstəvidə termin kimi
daha çox istifadə olunan inklüziv biznes həm ölkə, həm də cəmiyyət üçün mühüm
əhəmiyyət kəsb edir:

“O, dayanıqlı inkişafı təmin edir, sosial ədaləti dəstəkləyir, sosial
dəyişiklikləri stimullaşdırır və cəmiyyətin bütün təbəqələri arasında
həmrəyliyi gücləndirir. Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın
sahibkarlığının çəkisinin artmasını və onların sosial sahibkarlığa daha çox
meyil etmələrini müşahidə edirik”.

O.Məmmədov qeyd edib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli
Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf strategiyası” təsdiq edilib:

“Sənəddə sosial sahibkarlığın inkişaf etdirilməsi üçün mexanizmlərin tətbiqi
ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də göstərilir. KOBİA mandatına
uyğun olaraq sosial sahibkarlığın və qadın sahibkarlığın inkişafının
dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) dəstəyi ilə 2021-ci ildə
ölkədə sosial sahibkarlığın inkişafı üzrə araşdırma aparılmış, tövsiyələr
hazırlanıb. Eyni zamanda, ötən dövrdə KOBİA və Dövlət Məşğulluq Agentliyinin
dəstəyi və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda
sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum
keçirilib və ölkəmizdə sosial sahibkarlığın inkişafı və təşviqi istiqamətində
görülən işlər barədə müzakirələr aparılıb. Sosial sahibkarlığın təşviqi
məqsədilə müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərimiz
tərəfindən müvafiq mövzularda təlim və vebinarlar keçirilib. Ümumilikdə, həmin
mərkəzlər tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4 000-ə yaxın
qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb.
Agentliyin dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar”.

Source link