cdf5ed2b-eec1-4fae-9adc-f88cff5abe09..jpg

“Oscar” mükafatlı rejissor Azərbaycana gəlir

Baxış sayı: 436 dəfə baxılıb.

“Oscar” mükafatlı rejissor Azərbaycana gəlir

Bakıda sentyabrın 6-10-da keçiriləcək VI ANİMAFİLM Beynəlxalq Animasiya
Festivalı çərçivəsində Azərbaycana “Oscar” mükafatlı rejissor gələcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino
Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi
festival Nizami Kino Mərkəzində baş tutacaq.

Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarına
başlayıb.

Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısı da
bəlli olub. Belə ki, festivalın beynəlxalq münsiflər heyətinə 6 xarici peşəkar
daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana
Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier
Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar da
qatılacaq: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan),
Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş
krallıq).

Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and
Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında
nüfuzlu “Oscar” mükafatı qazanmış niderlandəsilli rejissor və illüstratordur.

O, bu filmə görə “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri
mükafatlarına da layiq görülüb. Rejissor festivala digər bir filmi –
Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi
“Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini
şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı
“Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası
keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət
mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.

Festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza
ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin
dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə
proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.

Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier
Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı
animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi
(pitching) və istehsal etməyi öyrədəcəklər.

Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM
School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı
layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.

Source link