Ötən il sutkanın qaranlıq vaxtı baş verən qəzalarda 591 nəfər ölüb – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin
sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1 636 olub.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, onlardan 941-i, başqa sözlə 57,5 faizi sutkanın gecə və
alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718
nəfər isə yaralanıb.
Qəzaların 649-u piyadavurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi
yol-nəqliyyat hadisələrinin 39,7 faizini təşkil edir. Piyadaların vurulması ilə
nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud
məhdudiyyətli görünmə şəraitində baş verib.
Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin
qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların
özlərinin yol hərəkəti qaydalarına etinasızlığı, həyat və sağlamlıqlarına
biganə münasibəti az təsir göstərmir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan
sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya
işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi
xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır.