78d77fbd-f536-4e94-bad8-63e3e9f85b6d.webp

Övladları böyüyənə kimi azadlıq istədi – Məhkəmə başqa qərar verdi

Baxış sayı: 236 dəfə baxılıb.

Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə
İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, üç uşaq anası olan L.İmaşova
məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş
edib.

Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə
zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil
müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə
salınmasını istəyib.

Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin
edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı
tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə
endirilməsini təklif edib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla
razılaşmayıb. Hakimlər belə qənaətə gəliblər ki, əvvəl təyin edilmiş cəzanın 4
il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli
olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay 5 gün azaldılıb.

Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır
xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını
istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum
edilib.

Source link