0babd613-f2d0-4706-b575-1980d564c5db..jpg

Özəl pensiya fondları əhaliyə nə verəcək? – Risklər və üstünlüklər + FOTO

Baxış sayı: 991 dəfə baxılıb.

Özəl pensiya fondları əhaliyə nə verəcək? – Risklər və üstünlüklər + FOTO

Özəl pensiya fondları dünya təcrübəsində uzun müddət istifadə olunan
mexanizmlərdən biridir. ABŞ-də 220-dən artıq, Böyük Britaniyada 23, Yaponiyada
17 özəl pensiya fondu fəaliyyət göstərir.

Azərbaycanda da özəl pensiya fondlarının yaradılması ilə bağlı layihə işləri
aparılır. Hazırda bu layihə müzakirə mərhələsindədir.

Bəs bu fondların üstünlükləri və riskləri nələrdir?

Mövzu ilə bağlı Cixisyolu.com-a iqtisadçı ekspert Rəşad Həsənov məlumat verib.

O bildirib ki, özəl pensiya fondlarının bir sıra üstünlükləri var. Bunlardan
biri vətəndaşlara ahıllıq dövrü üçün alternativ planlama imkanının
yaradılmasıdır. Belə ki, bu fondlar əhalinin gəlirlərinin işlədilməsindən əldə
olunan mənfəətin bir qismini vətəndaşla paylaşır və əhali gəlirlərinin
dəyərlənməsini uzunmüddətli dövr üçün təmin edir. Həmçinin əhali pulunu özü
yığarsa, zaman keçdikcə bu vəsait inflyasiyanın təsiri ilə dəyərsizləşə bilər.
Özəl pensiya fondları məhz bu yığımları müəyyən qədər mənfi təsirlərdən qoruyur.

“Daha sonra bu fondlar vətəndaşlar üçün bir sıra seçimlər verir, vətəndaşlarla
müəyyən qaydalar çərçivəsində fərdi şəkildə müqavilələr imzalanır. Bunun
əsasında vətəndaş aylıq ödəyəcəyi məbləği, pensiya hüququ əldə edəcəyi yaş
həddini özü təyin edə bilər. Hətta bəzi ölkələrdə vətəndaşlar öz vəsaitlərini
dövlət, yoxsa özəl pensiya fondunda yığmaqla bağlı seçim edirlər. Amma özəl
pensiya fondunu seçən vətəndaşlar gələcəkdə dövlətdən pensiya almaq hüququndan
məhrum olurlar. Hazırda Azərbaycanda bu istiqamətdə qanunvericilik layihəsi
yoxdur. Layihə hazır olduqdan sonra vətəndaşlar üçün hər şey aydın olacaq”, –
deyə ekspert qeyd edib.

Özəl pensiya fondlarının daha bir üstünlüyünə toxunan ekspert vurğulayıb ki,
burada əsas məsələlərdən biri də fondun maliyyə bazarlarının əsas
iştirakçılarından birinə çevrilməsidir. Dünyanın ən böyük investisiya
fondlarından bir çoxu özəl pensiya fondlarıdır. Onlar əhalinin passiv
yığımlarını cəlb edib, iqtisadiyyata ötürürlər. Bununla da fondların fəaliyyət
göstərdiyi ölkələrin pul dövriyyəsi sürətlənir. Burada dövlət də əlavə gəlir
əldə etmiş olur.

“Nəzərə alsaq ki, hazırda işğaldan azad edilmiş ərazilərə böyük vəsaitlərin
sərf edilməsi zərurəti yaranıb. Özəl pensiya fondları vasitəsilə əhalinin
vəsaitlərini bu istiqamətə yönəltmək mümkündür. Həmçinin fondlar qiymətli
kağızlar bazarında, səhmlər bazarında aktiv iştirak etməklə bu bazarın da
canlanmasına imkan yaradır. Bu, Azərbaycan üçün vacib məsələlərdən biridir”, –
deyə o bildirib.

Rəşad Həsənov Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının
risklərindən də danışıb. Diqqətə çatdırıb ki, 2008-ci il maliyyə böhranından
sonra dünyada bir çox özəl pensiya fondlarının aktivləri dəyərsizləşib və
öhdəliklərini yerinə yetirə bilməyiblər. Əksər ölkələrdə dövlətin dəstəyi ilə
bu fondlar vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirsələr də, bir sıra
ölkələrdə bu baş tutmadı və ciddi problemlər ortaya çıxdı.

Qeyd edilib ki, risklərdən biri də Azərbaycan vətəndaşının məsələyə baxışıdır.
Burada özəl pensiya fondları ilə kommersiya banklarını müqayisə etmək olar.
Aprel ayına olan məlumatlarda əhali tərəfindən 12,2 milyard manat ətrafında
əmanətlərin yerləşdirildiyi bildirilir. Əmanətlərin təxminən 85 faizi, yəni 9
milyarddan artıq hissəsi qısamüddətli əmanətlərdir. Vətəndaşlar özəl sektora
uzunmüddətli dövrdə güvənmirlər. Baxmayaraq ki, bank sektorunda əmanətlərin
sığortalanması mexanizmi var. 100 min manata qədər əmanətlər müəyyən şərtlər
daxilində sığortalanır. Ancaq yenə də vətəndaşlar əmanətlərini qısamüddətli
dövrdə yerləşdirirlər:

“2016-20-ci illərdə ölkədə fəaliyyət göstərən bankların 45 faizinin
lisenziyası ləğv edildi. 43 bankdan hazırda 24 bank qalıb. Bu səbəbdən
vətəndaşların maliyyə institutlarına inamı aşağıdır. Belə olan halda 100
faizlik dövlət zəmanətinə ehtiyac yaranacaq. Dövlət özəl pensiya fondlarında
toplanan vətəndaş vəsaitinə təminat verməsə, onu sığortalamasa, vətəndaşlar bu
fondlardan istifadəyə meyilli olmayacaq”.

Ekspert diqqətə çatdırıb ki, fondların vəsaitləri bazarda işlətməsindən əldə
edəcəkləri gəlir onların bu prosesə marağını artırır. Lakin Azərbaycanda
qiymətli kağızlar bazarı zəifdir, buradan mənfəət əldə etmək imkanı azdır.

Rəşad Həsənovun fikrincə, əsas məsələlərdən biri də əhalinin gəlirləri ilə
bağlıdır. O bildirib ki, əhalisinin gəliri yüksək olan ölkələrdə özəl pensiya
fondlarının yığımı da yüksək olur.

Azərbaycanda isə əhəmiyyətli sosial qrupların gəlirləri yığım imkanını
məhdudlaşdırır. Eyni zamanda, burada varislik hüququnun təmin edilməsi məsələsi
də ortaya çıxır ki, dünyanın bir çox ölkələrində bu problem həllini tapıb.

Aqil Vəlili

Source link