1d17ac0d-7653-4fcf-a9fb-2055ae9a4737..jpg

Öz ərazisində separatçılığı boğub Azərbaycanda dəstəkləyən İspaniya – VİDEO

Baxış sayı: 339 dəfə baxılıb.

Öz ərazisində separatçılığı boğub Azərbaycanda dəstəkləyən İspaniya – VİDEO

İnsanların rahat həyat tərzinə qarşı təhlükə mənbəyi olan separatizm,
terrorçuluq, milli və dini zəmində münaqişələr əksər hallarda xarici təsirlər
əsasında, daha dəqiq ifadə etsək, xarici siyasi və maliyyə yardımları ilə
ortaya çıxır.

İspaniyanın Rusiyadakı səfirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki erməni
separatçılarına yardım göstərildiyi barədə açıqlaması qeyd etdiyimiz
mühakimələrə ən bariz nümunədir.

Bu barədə İspaniya səfirliyi özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Hətta səfirlik paylaşımda separatçı erməniləri zaman-zaman dəstəkləyən digər
“avropalı demokratlar”dan da irəli gedərək Qarabağdakı xunta rejiminin qondarma
bayrağından da istifadə edib.

Özü separatizmdən əziyyət çəkən İspaniyanın Azərbaycanda separatizmə dəstək
verməsi anlaşılan deyil. Cəmi altı il əvvəl – 2017-ci ildə Kataloniyanın
müstəqilliyinə dair referendumda iki milyondan çox insan müstəqilliyə səs
vermişdi. Kataloniyalılar səslərin 90,81%-i ilə müstəqillik tərəfdarı
olduqlarını dünyaya bəyan etdilər. Bunun ardından Kataloniya parlamenti
bölgənin müstəqilliyini elan etmişdi.

O zaman Azərbaycan Xarici İşlər Nazirliyi baş verənləri belə şərh etmişdi:

“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”.

İndi isə İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini
kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir. Belə
bir vəziyyətdə İspaniyanın bu və ya digər halda separatizmi dəstəkləməsi qəribə
olduğu qədər də təəssüf doğurur.

Xatırladaq ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində
separatizm məsələsində Qərbin ikili standartlarına toxunaraq deyib:

“Nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nə
üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki,
onların sayı beş, yaxud altı milyon nəfərdir və yaxınlıqda öz dövləti olan
ermənilərdən fərqli olaraq onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə
dözməliyik?”

Müqayisə üçün deyək ki, Azərbaycan vətəndaşı olaraq Xankəndidə yaşayan
ermənilərin ümumi sayı kataloniyalıların sayından ən azı 100 dəfə azdır.
Kataloniyalıların heç bir yerdə müstəqil dövləti yoxdur. Bu mənada onların
müstəqillik tələbi başa düşülən ola bilər. Ermənilərin isə Qərbi Azərbaycan
torpağında məhz Azərbaycanın siyasi güzəşti əsasında yaradılmış dövlətləri var.

İndi isə İspaniyanın özünün də Kataloniyadakı referenduma reaksiyasına diqqət
edək: İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyadakı referendumu və sonradan
qəbul edilmiş qərarları anti-konstitusion elan etdi. İspaniya Senatı
Konstitusiyanın 155-ci maddəsindən istifadə edərək Kataloniyanın özünüidarəsini
ləğv etdi. Kataloniya birbaşa Madridin idarəçiliyinə keçdi və bölgəyə rəhbərlik
İspaniya Baş nazirinin müavininə həvalə edildi. Kataloniya parlamenti
buraxıldı. Kataloniyada iyirmiyə yaxın məmur saxlanıldı, onlara səkkiz ildən 13
ilədək azadlıqdan məhrum etmə cəzası kəsildi. 30 illik həbs təhlükəsi olan
Karles Puçdemon ölkədən qaçaraq Belçikadan siyasi sığınacaq istədi və bu gün də
Avropada gizlənir.

Öz ərazisində separatizmə qarşı ən sərt addımlar atan İspaniyanın Azərbaycanda
separatizmə dəstək verməsi riyakarlıq və prinsipsizlikdən başqa bir şey deyil.
İspaniyadakı separatizm yalnız Basklar ölkəsi və Kataloniya ilə məhdudlaşmır.
Ölkənin şimal-qərbində Qallisiyada, Valensiyada, Navarrada və daha bir neçə
bölgədə geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələr var. Bu gün
İspaniya başqa ölkədə separatizmə dəstək verirsə, öz ərazisində də separatizm
dalğasının güclənə biləcəyini unutmamalıdır.


Source link