a7a2676b-f241-4266-acc3-3768925eabd1..jpg

Öz gözündəki tiri görməyənlərin yeni qərəzi: ABŞ indi də din pərdəsi arxasında gizlənir – ŞƏRH + FOTO

Baxış sayı: 521 dəfə baxılıb.

Öz gözündəki tiri görməyənlərin yeni qərəzi: ABŞ indi də din pərdəsi arxasında
gizlənir – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili
standartlara əsaslanan münasibət göstərir. Belə olmasaydı, Dövlət Departamenti
heç bir tutarlı arqument və fakt ortaya qoymadan Azərbaycanı din azadlığını
“ağır şəkildə” pozan ölkələr siyahısına salmazdı. 30 il Azərbaycan torpaqlarını
işğal altında saxlayan, dini obyektləri yerlə-yeksan edən Ermənistan qalıb bir
kənarda, tolerantlıqda ad çıxaran, multikultural dəyərləri üstün tutan ölkəmizə
qarşı qərəzli mövqe sərgilənib. Görünən odur ki, Azərbaycana qarşı səlibçi
zehniyyət dəyişməyib. Qarşıdan gələn prezident seçkisində erməni lobbisinin
dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxan Cozef Bayden administrasiyası
birtərəfli qaydada Ermənistanın yanında durur, qərəzli, ikili standartlara
əsaslanan bəyanatlarla çıxış etməkdə davam edir.

Dövlət katibi Antoni Blinkenin dilindən səslənən bu bəyanatdan əvvəl ABŞ
Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Qarabağda xristian dini məbədlərin
qorunması sarıdan narahatlığını dilə gətirən bədnam bir hesabat yaymışdı.
Maraqlıdır ki, bu ikili standartlardan irəli gələn yanaşmaya hətta Birləşmiş
Ştatların nəzarəti altında olan, ondan tapşırıq və maliyyə alan, “Azadlıq”
radiosu belə təəccüb və heyrətini gizlədə bilməyib. Dövlət katibinin qərəzli
mövqeyini dərc etməklə yanaşı, Qarabağda müsəlman dini məbədlərinin, müqəddəs
yerlərin necə dağıdılmasını xatırladıb. Hesabatı oxuyarkən adamda belə
təəssürat yaranır ki, sanki bunun müəllifi ABŞ deyil, hansısa bir erməni
şovinistidir. Amma bir qədər araşdırma aparandan sonra bəlli olur ki, hesabatın
müəllifi ABŞ Dövlət Departamentinin rəsmisi Daniella Aşabxyandır. Bu xanım həm
də Amerika Erməni Assambleyasının direktorlarından biridir.

Sözsüz ki, bu cür mövqe heç bir fakta söykənmir və qərəzli yanaşmanın
təzahürüdür. Uzun illərdir işğal altında olmuş Azərbaycan ərazilərindəki
məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən
dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan
nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı
məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər
Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi
Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı.

Dövlət Departamentin iddialarının əsassız və qərəzli olduğunu faktlarla sübuta
yetirək. Rəsmi məlumata görə, işğaldan azad olunan ərazilərdə təsbit olunan
tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si
ziyarətgahdır. Qarabağ və ətraf rayonlarda fəaliyyət göstərmiş 67 məscidin
(Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8,
Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. ABŞ
hakimiyyət orqanları obyektivlikdən uzaq hesabatında bunları da qeyd etməyi
“unudublar”. Ermənilər 30 il işğal altında saxladıqları ərazilərdə 700-dən çox
Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar
yazılarını ya dəyişdirib, ya da uçurublar.

Qeyd edək ki, Tuğ kəndindəki abidə də eyni aqibətlə üzləşib. Qarabağ
Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsinin
yerləşdiyi Tuğda da ermənilər vandalizm törədiblər. Bütün bunlar əsas verir ki,
Ermənistan nəinki müsəlman, eləcə də xristian aləmi tərəfindən ittiham
kürsüsündə əyləşdirilsin. Çünki Ermənistan müsəlman abidələri ilə yanaşı,
xristian abidələrini də tar-mar edib.

Birincisi, ermənilərin Azərbaycana məxsus məscidləri yerlə-yeksan etdikləri
konkret faktlarla sübuta yetirilib. Prezidentİlham Əliyevin erməni vandalizmi
ilə bağlı söylədikləri fikirləri yada salaq. Prezident bildirib ki, məscidlərdə
ermənilərin donuzları və inəkləri necə saxlamaları ilə bağlı çoxsaylı şəkillər
var və bu, təkcə azərbaycanlıların deyil, bütün müsəlmanlara qarşı təhqirdir.
Dövlət Departamenti isə bu bəyanata öz qərəzli yanaşmasında yer belə ayırmır.
Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar. Kor və
kar olan, erməni lobbisinin təsiri altında olan ABŞ rəsmiləri isə bu faktları
yada belə salmırlar.

İkincisi, Birləşmiş Ştatların hakim dairələrinin seçkilər yaxınlaşdıqca belə
qərəzli mövqelərini çox görəcəyik. Səbəb də sadədir – nəyin bahasına
olursa-olsun erməni lobbisinin maliyyəsi və elektoratın səsini qazanmaq. Əks
halda, belə mövqe ortaya qoymazdılar. Ermənilərə gəldikdə, hələ də anlamırlar
ki, seçki prosesi başa çatdıqdan sonra istifadə olunub bir kənara atılacaqlar.

Dövlət Departamentinin Azərbaycanda digər dinlərdən olan insanlara qarşı
təzyiqlər barədə uydurmasına gəlincə, ölkdə16 kilsə və 7 sinaqoq fəaliyyət
göstərir. Ermənistandan fərqli olaraq Azərbaycanın din siyasətinin əsasında
tolerantlıq, dünyəvilik və vəhdət dayanır. Bundan əlavə, bu günədək 992 dini
qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam,
37-si isə qeyri-islam (xristian – 26, yəhudi – 8; krişna – 1, bəhai – 2)
təmayüllüdür. Azərbaycanda dini etiqada dövlətin münasibəti “Dini etiqad
azadlığı” haqqında qanunla tənzimlənir. Azərbaycan multikultural və tolerant
dövlət olduğundan Konstitusiya ilə təsbit edilən vicdan azadlığına önəm verir.
Buna görə də, heç kim dini əqidəsinə görə təzyiqlə üzləşmir və Azərbaycan bu
sahədə dünyada presedent yarada bilib.

Beləliklə, əminliklə deyə bilərik ki, hesabat başdan-ayağa Azərbaycana qarşı
qərəz üzərində qurulub. Təhrif, həqiqətə uyğun olmayan dezinformasiya
xarakterli məlumatların yayılmasının tək bir səbəbi var ki, o da Azərbaycanın
ərazi bütövlüyünü kənar qüvvələrin köməyi olmadan həyata keçirməsidir. Heç bir
tutarlı fakt ortaya qoyulmadan Azərbaycanın hədəfə alınmasının tək və yeganə
səbəbi siyasi maraqlardır.

Dünya ölkələrində dini dözümsüzlükdən dəm vuran ABŞ nədən ölkədaxili vəziyyətə
toxunmur? Halbuki amerikalı hüquq müdafiəçilərinin məlumatları ABŞ-də bu sahədə
ciddi problemlərin olduğunu sübut edib. Məsələn, 2021-ci ildə ABŞ-də yəhudi və
müsəlmanlara dini dözümsüzlük zəminində qarşı törədilmiş 1005 cinayət faktı
qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz
qalıb. Antiislam əhvali-ruhiyyəsinin artması 28%-ə, yəni həyəcanverici həddə
çatıb. Bütün bunlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.

Bu istiqamətdə kifayət qədər faktlar ortaya qoymaq mümkündür və “hesabatı”
hazırlayanlar da buna diqqət yetirsəydi, yaxşı olardı. Sual olunur, ABŞ hansı
haqla belə “hesabatlar” ortaya qoyur, dünyaya demokratiya və hüquq dərsi keçir?
Səbəb də bəllidir – qondarma və birtərəfli yanaşma və ittihamlarla müstəqil
ölkələrə təzyiq göstərmək.

“Report” İnformasiya Agentliyi

Source link