6defcb06-c64e-4429-80ae-473957f7ba8d..jpg

Özbəkistan hökumətinin hədiyyəsi: Füzulidə yeni məktəb binası inşa edilir – FOTO

Baxış sayı: 723 dəfə baxılıb.

Özbəkistan hökumətinin hədiyyəsi: Füzulidə yeni məktəb binası inşa edilir –
FOTO

İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird
yerlik məktəb binası inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri tikinti işlərinin aparıldığı ərazidə olub, görülən
işlərlə maraqlanıb.

Layihə rəhbərinin tikinti üzrə müavini Rəfail Sadıqov bildirib ki, üç hektar
ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə
40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı,
akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində
futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış
zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator
yarımstansiyası inşa ediləcək.

İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Binanın
tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.

Tikintidə sahə rəisi Rasim Mustafayevin sözlərinə görə, işğaldan azad edilmiş
ərazilərin qurulmasında iştirak etmək onun ən böyük arzularından olub:

“Mən qarabağlıyam, Ağdam rayonundanam. 40 ildən çoxdur ki, tikinti sahəsində
çalışıram. Respublikamızın bir çox bölgələrində inşaat işləri ilə məşğul
olmuşam. Ən böyük arzularımdan biri Qarabağda tikinti aparmaq idi. Nəhayət, bu,
mənə müyəssər oldu. 2022-ci ildə Ağdam rayonunda Xaçınçay üzərində dəmir yolu
körpüsünün tikintisinə rəhbərlik elədim. İndi də Füzuli şəhərindəki məktəb
binasını inşa edirik. Bu günü bizə yaşadan Prezidentimizə minnətdaram. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Özbəkistandan olan mütəxəssis İslam Kərimovla söhbət zamanı Qarabağda məktəb
tikintisində iştirak etməyindən qürur duyduğunu söyləyib.

“Biz Özbəkistandan sentyabr ayında gəlmişik. Məktəbi Azərbaycan şirkəti ilə
müqavilə əsasında inşa edirik. Mütəxəssislər Özbəkistandır. İşimiz yaxşı gedir.
Şadıq ki, işğaldan azad olunmuş Füzuli şəhərinin tikintisinə iştirak edirik”, –
deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən il noyabrın 12-də
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə
çıxışı zamanı Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü
ölkələrimiz arasında növbəti həmrəylik, dostluq, qardaşlıq addımı olduğunu
bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və
zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözləri də ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Hər iki ölkəni ortaq
din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir.

Source link