922a1182-23bf-4816-9b30-f88e30456fdb..jpg

Özbəkistanda Şuşaya həsr edilən poçt markası buraxılıb – FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

Özbəkistanda Şuşaya həsr edilən poçt markası buraxılıb – FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü ilin
digər əhəmiyyətli hadisəsi – Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı
elan edilməsi münasibətilə Özbəkistanda Şuşaya həsr olunmuş xüsusi xatirə poçt
markasının buraxılması layihəsini həyata keçirib.

Mədəniyyət Mərkəzindən bildirilib ki, “Ozarbayjonning qadimiy Shusha shahri
Turkiy dunyoning madaniy paytaxtı” adlı poçt markasının buraxılışı layihəsinə
Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərib, markanın Özbəkistan
Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə
tutulub.

Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın
bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış
əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya
şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış şuşalılar, milli musiqi alətlərimiz
(qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən ştrixlər, habelə
Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan “Xarıbülbül” çiçəyinin
rəsmi öz əksini tapıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən
məlumata görə, TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət
paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondu, hər iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə birgə
Özbəkistanda Şuşa günləri tədbirləri keçirilib, vikipediyada Şuşaya dair özbək
dilində bölmələr yaradılıb, Qarabağa – Şuşaya Özbəkistan KİV nümayəndələrinin
media-turları təşkil olunub, yaxın zamanda isə şəhərə dair bir neçə aparıcı
dildə ensiklopedik nəşr də çap ediləcək. Verilən məlumatda sözügedən
layihələrin ilin sonuna qədər davam edəcəyi də vurğulanır.

Qeyd edək ki, “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət
paytaxtı” adlı poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeyləri, hər
iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, poçt markasının
Daşkənddə və Bakıda təqdimat mərasimləri də keçiriləcək.

Source link