a38f2221-af33-4bc5-9f6b-99abc8871353..jpg

Özbəkistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən işlər müzakirə olunub – FOTO

Baxış sayı: 731 dəfə baxılıb.

Özbəkistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən
işlər müzakirə olunub – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti
Özbəkistana səfər edib. Əvvəlcə Daşkənddə Heydər Əliyev meydanında ümummilli
liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla
yad edilib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın
investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimizin ikitərəfli münasibətlərinin
uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edilib ki,
xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və
dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli
görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə
yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.
Əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işlər,
tərəfdaşlığın gücləndirilməsi üçün həyata keçirilən nəticəyönümlü tədbirlər
yüksək qiymətləndirilir. Bu baxımdan, qarşılıqlı iqtisadi əlaqələrin
möhkəmləndirilməsi, səmərəli nəticələrin əldə olunması əsas hədəflərdəndir.

Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək
məqsədilə görülən işlərə gəlincə, diqqətə çatdırılıb ki, Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilmiş iclasında əldə
olunmuş razılıqların uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü
addımlar atılır. Bildirilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi
nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün böyük imkanlar var. Özbəkistanla qarşılıqlı investisiya
qoyuluşu sahəsində tərəfdaşlığın gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
İki ölkənin regionları və işgüzar dairələri arasında əlaqələri gücləndirməyə
töhfə verəcək 1-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumunda imzalanacaq
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası
Saziş də bu baxımdan önəmlidir. Sənəddə yer alan məsələlər qarşılıqlı
investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi
əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Tədbirdə ticarət, investisiya, sənaye, “Araz Vadisi” İqtisadi Zonası və Ağdam
sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına Özbəkistan şirkətlərinin cəlb
edilməsi, rəqəmsal iqtisadiyyat və s. istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş
potensial olduğu vurğulanıb, Özbəkistan iş adamları fəal əməkdaşlığa dəvət
olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin
Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində
marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata
keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib,
tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən
iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və
qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə olunub.

Source link