436b7801-2fe7-417e-8b02-b7e7cc9330a5..jpg

Özündənrazı italyanları ram edən Maradona və onun kontrast şəhəri – FOTO

Baxış sayı: 503 dəfə baxılıb.

Özündənrazı italyanları ram edən Maradona və onun kontrast şəhəri – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın cənubu ilə şimalı arasındakı fərqlər italyanlar üçün başağrısı olsa
da, bunu müzakirə etməyi sevirlər. Hər iki bölgəyə səyahət edən təcrübəli
turistlər də həmin fərqləri dərhal müşahidə edirlər. Məsələn, Puglia bölgəsində
Cənubi İtaliyanın iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə yoxsul olmasını
sakinlərinin daha tənbəl, daha rahat və işləməyə daha az meylli olması ilə
əlaqələndirir, “Bəli, onlar süstdürlər” deyirlər. Cənublulardan niyə işləməkdən
imtina etdiklərini soruşanda isə cavab verirlər ki, avtobus dayanacağı evdən
uzaqdır, ya da təhsilləri adekvat deyil. Onlar müavinətlə yaşamağa davam
edirlər. Cənubdakı yoxsulluğu ənənəvi cənub həyat tərzi səbəbləri ilə yanaşı,
son illər Aralıq dənizi ilə gələn miqrantların bu bölgədə daha çox məskən
salması ilə də əlaqələndirirlər. Onlar yaşamaq üçün daha çox Kampaniya
bölgəsinin paytaxtı Neapolu seçirlər. Bununla belə, Cənubi İtaliya ölkənin
ruhudur. Əsl italyan tərzini bütün çılpaqlığı ilə duymaq, ölkə haqqında
təsəvvür formalaşdırmaq üçün bu bölgəyə səyahət etmək yetər…

“Kaspi”

qəzeti bu barədə məqalə dərc edib:

Cənublular iddia edirlər: güclü təəssüratlar istəyənlər bu şəhərə səyahət
edir. İtaliyanın ən təzadlı və şokedici şəhəri turistlərə yaddan çıxmayacaq
anlar yaşadır. Neapol turisti məmnun etməyə can atmır: səyahətdən sonra
turistlər tarixi memarlıqla yanaşı, mərkəzdə zibil və qraffiti bolluğunu
xatırlayırlar.

Neapola – bu qədim şəhərə müxtəlif bucaqlardan baxmaq olur. Bu gün Neapol
kontrastlar şəhəridir. Burada Kral Sarayı, köhnə qalalar və yaşı əsrlərlə
ölçülən dini məbədlər, katakombalar var. Kampaniya bölgəsinin inzibati mərkəzi
İtaliyanın Roma və Milandan sonra üçüncü böyük şəhəridir. Əhalisi bir milyona
yaxındır. Neapol həm də Bakı ilə qardaşlaşmış şəhərdir.

Evsizlər, dilənçilər, müxtəlif millətlərdən olanlar

Hotelimiz dəmiryolu vağzalının yaxınlığında yerləşdiyi üçün dərhal neapolitan
incəlikləri ilə üz-üzə gəlməli olduq. Pizzariyada işləyən ofisiant qız turist
olduğumuzu bilincə xəbərdarlıq etdi ki, şəhərdə gəzərkən pul, sənədlər və
qiymətli hər şeyi gizlətmək lazımdır: “Burada dünyanın hər yerindən cürbəcür
adamlar var. Evsizlər, dilənçilər, müxtəlif millətlərdən olan və naməlum peşə
sahibləri”.

Qədim şəhərin küçələrini gəzdikcə müşahidə edirik: Neapol digər italyan
şəhərlərindən fərqlidir: daha qaynar və səmimidir. Burada insanlar hay-küy
salır, söyüş söyür, mübahisə edir, barışır, mahnı oxuyur, rəqs edirlər. Bir
neçə il əvvəl şəhərdə rəsmi olaraq zibil böhranı elan edilmişdi. Problem bu gün
də aktualdır. Məşhur Vezuvi vulkanı, güclü, emosional italyanlar, xaotik tıxac,
dadlı yeməklər və böyük porsiyalar, zibilli küçələr və “Napoli” klubuna,
əfsanəvi Maradonaya olan sevgi – bu şəhəri səciyyələndirən əsas
xüsusiyyətlərdir. Neapol körfəzinin və Avropada yeganə aktiv vulkan olan
Vezuvinin mənzərələri turistlərin çox xoşuna gəlir.

Neapol İtaliyanın ən çirkli və ən kriminal şəhəri kimi də tanınır. Amma eyni
zamanda barokko kilsələri, dəbdəbəli sarayları və unikal muzeyləri ilə ölkənin
ən gözəl şəhərlərindən biridir. Əslində, Neapol paradoksların və
ziddiyyətlərin, memarlıq əsərlərinin, səs-küylü bazarların, dar və labirint
küçələrin, cibgirlərin, gurultulu motorinoların və qəşəng butiklərin
qarışığıdır. Tutaq ki, dar bir küçə ilə gəzirsən, sözün əsl mənasında skuterdən
qaçırsan, sağa baxırsan və orada erkən xristian bazilikasıdır. Bu, Neapolda hər
addımda rast gəlinən haldır. Tarixi yerləri ilin bütün fəsillərində dünyanın
hər yerindən turistlər və tədqiqatçılar ziyarət edirlər. Turistlər rəylərində
“Neapolda siz həmişə ehtiyatlı olmalısınız”, – deyə qeyd edirlər. Küçələrdə
gəzərkən hər an sizdən nəyinsə oğurlana biləcəyi hissi ilə yanaşı, çoxlu sayda
avtomobil, motosiklet və skuterlərin təhlükəsini hiss edirsən. Neapollular yol
hərəkəti qaydalarına çox az hörmət edirlər. Aralıq dənizi vasitəsilə bura gələn
miqrantlar artıq yerli əhali tərəfindən də həzm edilib. Ərəblər, afrikalılar,
mərakeşlilər, seneqallılar, hindlilər, pakistanlılar burada yad görünmürlər.

Neapolda demək olar ki, ictimai nəqliyyat – avtobuslar, trolleybuslar,
tramvaylar və metro mükəmməl qurulub, lakin onlar tıxaclarda ilişib qalmağa
meyllidirlər. Nəqliyyat şəbəkəsinin mühüm komponenti şəhərin funikulyorlarıdır.

Yerli mətbəxə laqeyd qalmaq mümkün deyil

Neapolda yerli mətbəxə laqeyd qalmaq mümkün deyil. Mətbəxi bu rəngarəng
şəhərin ayrılmaz hissəsidir. Şəhərdə əsl yemək kultu var. Kiçik kafelər,
pizzaçılar, restoranlar və xəmir dükanları bütün şəhərə səpələnib. Yerli
sakinlər YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınan pizzanın
Neapolda yaranması ilə öyünürlər. Burada pizzanın 16-cı əsrdə meydana gəldiyi
güman edilir. 1738-ci ildə açılmış şəhərin ən qədim pizzaçısı hələ də fəaliyyət
göstərir: “Pizzeria Antica Port Alba”. Neapolda və bütün dünyada ən məşhur
pizza Savoy kraliçası Marqaritanın adını daşıyan “Margherita”dır. O, pizzanı
çox sevirdi və özü sonradan onun adını daşıyan reseptin yaradılmasında iştirak
edib. Hər il sentyabr ayında Neapolda dünyaca məşhur “Pizzafest” festivalı
keçirilir. Neapolluların xüsusi sirlə bişirdiyi – incə xəmir, kənarları bir az
yanmış, isti pendir, pomidordan ibarət “Margherita” pizzasını dadmaqdan heç kim
imtina etmir. Qiymətlər ölçüsündən asılı olaraq 5-15 avro arası dəyişir.

Maradona Neapolun simvolu kimi

Qədim şəhərin küçələrini gəzdikcə əfsanəvi futbolçu Dieqo Maradonaya olan
sonsuz sevgi adamı heyran edir. Hər küncdə, divarda Maradonanın qraffitisi ilə
üz-üzəsən. Maradona Napoli şəhəri üçün sadəcə əfsanəvi futbolçu deyil, əsl
simvol və kumirdir. “Napoli” azarkeşləri ona aşiqdirlər. Suvenir dükanları 10
nömrəli maykalarla, fotoları həkk olunan əşyalarla bəzənib. Şəhər bələdiyyəsi
Maradonanın Neapolda çempionluq zamanı keçdiyi yerləri işarələməklə turizm
marşrutu yaradıb. Zarafat deyil, argentinalı futbolçu “Napoli”ni iki dəfə ölkə
çempionluğuna yüksəldib, Neapolu futbol paytaxtına çevirib.

Maradonanın “Napoli”yə təsiri futbol meydançasından kənara çıxıb, o, çətin
anlarda ondan ilham, ümid tapan bütün şəhər sakinləri üçün qəhrəman olub,
özündənrazı italyanların qəlbinə nüfuz edib. Futbolçu Neapol şəhərinin
firavanlığının və gücünün simvoluna çevrilib. Əfsanəvi futbolçunun moda və
üsluba təsiri də çox böyük olub. Onun obrazı azadlıq, ehtiras və üsyan
simvoluna çevrilib. Bu gün “Napoli” stadionu əfsanəvi futbolçunun adını
daşımaqla bərabər, onun xatirə əşyaları və interaktiv eksponatlarını sərgiləyən
muzeyinə milyonlarla turisti cəlb edir.

Source link