Özünü it sümüyü ilə ölü təqdim edən şirkət rəhbəri: “Məsuliyyətdən yayınmaq
üçün…” – MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda dələduzluqla bağlı barəsində aparılan araşdırmaya görə özünü
ölmüş kimi təqdim edən “Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyevin
cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Səbinə
Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin gəlmədiyi məlum
olub.
Hakim deyib ki, məhkəmə tərəfindən zərərçəkmişlərin məhkəməyə məcburi
gətirilməsi ilə bağlı da qərar çıxarılıb. Buna baxmayaraq, onların prosesdə
iştirakı təmin olunmayıb. Qərarın icra olunması istiqamətində addımlar atılacaq.
Qeyd edək ki, “Kaspian İnşaat MB” tikinti şirkətinin direktoru olmuş Qəniyev
mənzil dələduzluğunda ittiham olunur. İddia olunur ki, o, direktoru olduğu
şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb.
Rafət Qəniyev deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri
olub. Öz beyninin məhsulu olduğunu deyən təqsirləndirilən şəxs məsuliyyətdən
yayınmaq üçün bu yolu düşünüb.
Ötən məhkəmə iclaslarında ifadə verən Rəhman Rəhmanov deyib ki, “Kaspian
İnşaat MB” şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə
ay sonra bilib ki, evini başqasına satıblar: “Evimin orderini başqası mənə
göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi 3
nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb,
satıblar”.
Rəhman Rəhmanov hesab edib ki, bu işləri görmək təkcə Qəniyevlik deyil. Onun
fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub: “Bu işləri görmək
onun başı üçün deyil. Ona kimsə kömək edib”.
Rafət Qəniyev təsdiqləyib ki, Rəhman Rəhmanovun mənzilini 3 nəfərə satıb.
Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə,
başqasına satıb.
Başqa bir zərərçəkən Firudin Əhmədzadə 2010-cu ildə şirkətdən mənzil alıb və o
vaxtdan orada yaşayır. Evinin başqasına satıldığını isə Qəniyev cinayət
məsuliyyətinə cəlb olunandan sonra prokurorluqda öyrənib. Deyir ki, indiyədək
kimsə gəlib onu narahat etməyib.
İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun
Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının
aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış
vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını
müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası
təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi,
direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən
binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət
məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi
bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən
edilib.
Sabirabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən
aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan
birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.
İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin
178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.