db78d9d8-11cb-45f2-b0d6-5ab0f6057ce9..jpg

Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? – Ekspertdən ilginc faktlar

Baxış sayı: 453 dəfə baxılıb.

Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? –
Ekspertdən ilginc faktlar

Marketlərin çörək rəfində olan problemlər bitib-tükənmək bilmir. İnsanlar
çörəklərin üstüaçıq şəkildə satılmasının gigiyenik cəhətdən düzgün olmadığını
dəfələrlə dilə gətirsələr də, bununla bağlı heç bir tədbir görülmür.

Son dönəmlər isə şikayətçilər diyetik, yəni əsasən, qara çörəklərin günlərlə
rəfdə qaldığını, nəticədə isə qəribə dad verdiyini və keyfiyyətsiz olduğunu
bildirirlər.

Pəhriz adı ilə satılan qara çörəklərin keyfiyyətinə nəzarət niyə yoxdur?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədov Bizim.media-ya açıqlamasında
bildirib ki, çox zaman məhsulun tərkibi alıcının istəyinə uyğun olmur, yaxud
diyetik adı ilə saxta görünüşlü məhsul satılır.

“Bu məsələdə öncə istehlakçı özü maraqlı olmalıdır. Aldığı çörəyin
keyfiyyətinə, buraxılış tarixinə, saxlanma müddətinə və tərkibinə baxmalıdır.
Belə ki, diyetik adlandırdığımız çörək sırf kəpəkli çovdar unundan olmalıdır.
Burada, həmçinin, karbohidrat və zülalların tərkib dərəcələrinə fikir
verilməlidir”.

Keyfiyyətsiz və vaxtı keçmiş çörəklərə görə zəhərlənmə, yaxud şikayət olarsa,
mağaza rəhbərliyi buna cavabdehdir.

“Bununla bilavasitə mağaza, market rəhbərliyi məşğul olmalıdır. Onlar
məhsullar üzərindəki istehlaka yararlılıq tarixinin mütəmadi yoxlanılmasına
nəzarət etməlidirlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, çörəyin
saxlanma müddəti 72 saatdır.

“Tez sıradan çıxan çörəyin içərisində yapışqan parçalar əmələ gəlir, buna
kartof xəstəliyi deyilir. Bu o deməkdir ki, dəyirman, avadanlıq və yaxud un
artıq göbələklərlə xəstələnib. Bu cür çörək insanda ciddi mədə-bağırsaq
xəstəliyi əmələ gətirə bilər. Vaxtilə Azərbaycana Almaniyadan xəmir gəlirdi və
“alman çörəyi” adı altında satışa çıxarılırdı. Bu çörəklərə bir il zəmanət
təyin edilirdi. Biz onu dəyişdirməyə, bazardan çıxarmağa nail olduq, hazırda
elə çörəklər, demək olar ki, yoxdur”.

Sonda ekspert qeyd edib ki, istənilən mağazada yararlılıq müddəti keçən çörək
aşkar olunarsa, onların rəhbərliyini 100-1 500 manat civarında cərimə gözləyir.

“Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Belə halla rastlaşdıqları
zaman “195” və yaxud “1003” Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə
məlumat vermələrini tövsiyə edirəm”.

Source link