fb650cc3-d1fd-496d-bf77-e8d2d9275267..jpg

“Pələng”in düşərsizliyi, Ukraynadakı müharibə, Azərbaycanın tutduğu yol – Bir ilin yekununa dair TƏHLİL

Baxış sayı: 4. 985 dəfə baxılıb.

“Pələng”in düşərsizliyi, Ukraynadakı müharibə, Azərbaycanın tutduğu yol – Bir
ilin yekununa dair TƏHLİL

2022-ci ili başa vururuq, Pələng ilində Azərbaycan xarici siyasət
prioritetlərini həm situativ hallara uyğun olan taktiki maraqlar, həm də
uzunmüddətli strateji hədəflər üçün müəyyənləşdirdi.

Situativ gedişatların labüdlüyü 2022-ci ilin qaynar qazanlardakı suların
daşaraq regional təhlükəsizlik mühitini yandırmasından irəli gəlirdi. Məsələn
“Pələng”in ilk ayında Qazaxıstanda başlayan iğtişaşlar postsovet məkanı üçün
ciddi siqnal idi və Bakı burada maksimal ehtiyatlı davranış sərgiləmək çağırışı
ilə üzləşmişdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan xarici siyasət kursunda Qarabağ
mövzusunda açıq qalan məsələlərin həllini, Ermənistanla sərhədlərin
delimitasiyasını ikinci dərəcəli prioritet elan etmədi və İrəvana qarşı
tələblərini daha da sərtləşdirən mərhələyə başladı.

Lakin bəşəriyyətin siyasi sinirinə sərt bir toxunuş da başladı, Rusiyanın
Ukraynaya hərbi müdaxiləsi, müharibənin gedişatında ağırlaşan döyüşlər, qlobal
iqtisadiyyatın bu zəlzələ nəticəsində tektonik dəyişikliklərə məruz qalması
Azərbaycanı balanslı siyasətdə daha diqqətli olmağa vadar etdi.

Azərbaycan özünün milli-strateji maraqlarını humanitar prinsiplərlə
birləşdirərək Ukraynaya yardımlar edir və bunu elə tərzdə həyata keçirir ki,
Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə xələl gəlməsin. Hərçənd ki,
Kreml daxilində Bakının duruşundan xoşlanmayan qüvvələr də az deyil.

Qlobal dövranın Ukraynadakı şiddətli döyüşlər səbəbindən dünya müharibəsi
təhlükəsi istiqamətinə yuvarlanması təhlükəsi Rusiyanın öz rəqiblərinə başqa
regionlarda da diş göstərməsinə gətirib çıxarır.

Rusiya ilə Qərbin maraqlarının toqquşan maraqları yüz illər boyunca taleyin
xoş üzünü görməyən, bəxtinə başıbəlalı güzəran yazılmış Cənubi Qafqaza da
sirayət edir, Ukraynadakı müharibənin başlanğıcından sonra isə Moskva və ABŞ
arasında kəskinləşən gərginlik Azərbaycan-Ermənistan sülh gündəliyinə də
təsirsiz ötüşmədi.

Ukraynadakı müharibə Qərb üçün bir yoxlama idi və Rusiyanın hansı regionda
problemlər yarada bilmək potensialını ölçmək üçün barometr oldu, ona görə də
ABŞ, Avropa İttifaqı həm açıq, həm də gizli təmaslarla Moskvanın Cənubi
Qafqazdakı rıçaqlarını əlindən almaq istədilər.

Ancaq Rusiyanın region üzərindəki dərinə işləmiş tarixi, siyasi və hərbi
ambisiyalarını kökündən baltalamaq elə də asan məsələ deyil, hərçənd ki, Qərb
bir nöqtədə Bakı-İrəvan gündəminin tənzimlənməsində təşəbbüskarlıqda önə
çıxmağı bacardı.

ABŞ bunu Avropa İttifaqı vasitəsi ilə reallaşdırırdı, lakin İttifaqın
moderatorluğu elə Moskvanın özünə də dəhşətli ziyan vura biləcək limitdə
deyildi.

Ancaq bir nöqtədən sonra Moskva limitlərin keçəcəyini başa düşərək və prosesdə
ABŞ-nin gizli əlinin regionda qüvvələr nisbətini dəyişə bilmək imkanını dərk
edərək yenidən təşəbbüskarlığı ələ almağı bacardı.

Açıq-gizli çəkişmələr, nəhənglərin Cənubi Qafqaz meydanında baş-başa gəlməsi
Azərbaycanı qorxutmadı və Bakı istər 10 Noyabr Bəyanatının müddəalarının,
istərsə də sərhədlərə dair planların icra edilməsi üçün hərbi tədbirlərə əl
atmaqdan belə çəkinmədi.

Bu mənada 2022-ci ildə Qarabağda iki antiterror əməliyyatı keçirildi, nəticədə
Fərrux yüksəkliyi, Fərrux kəndi, Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarət
bərpa edildi.

Azərbaycan 10 Noyabr Bəyanatına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus
kəndlərinə nəzarəti bərpa etdi və sərhədin Kəlbəcər, Laçın və Daşkəsən
istiqamətində Ermənistanın təxribatlarına cavab olaraq genişmiqyaslı hərbi
əməliyyatlar keçirdi.

Bakı bunlarla həm Qarabağdakı qanunsuz silahlı erməni dəstələrinin çıxarılması
üçün əlindən gələni edəcəyini, həm də sərhədlərin delimitasiyası və sərhəd
təhlükəsizlik məsələsində nə qədər israrlı olduğunu bəyan etdi.

Bu ən çox Ermənistanı, Fransanı və İranı narahat etdi, bəlkə də, Tehranın
Bakıya qarşı ritorikasını sərtləşdirməsi İrəvanın himayədarı Fransanın da
maraqlarına cavab verirdi.

2022-ci ili Azərbaycan-İran münasibətlərindəki gərginliyin pik həddə çatması
müşayiət etdi, Tehran aşkar şəkildə regional sülh üçün əngəl olduğunu göstərən
addımlara gedərək Araz çayı boyunca genişmiqyaslı təlimlər fonunda Bakıya
hədələr yağdırdı.

Daxilindəki çürükləri kəsib atmaq əvəzinə, xarici düşmən axtarışında olan İran
Azərbaycana meydan oxumağın əbəs olduğunu özü də gördü.

Birincisi, Bakı hər hansı təhdid qarşısında əyilən deyil və qamətini dik
saxlayaraq, müdafiə qalxanını qaldırıb adekvat cavab vermək gücünə sahibdir.

İkincisi, Türkiyə ilə yanaşı, istər İsrail, istər Qərb, istər Rusiya
Azərbaycanın yanında dayandılar, yəni Tehran cürət edib hər hansı ərazi
müdaxiləsi həyata keçirmək potensialına malik deyildi.

Tehranın Bakıya qarşı əzələ nümayişinə Azərbaycan iki hərbi, bir siyasi
mesajla cavab verdi:

1. Azərbaycan İranla sərhəddə hərbi təlim keçirdi, bunun ardınca isə
Azərbaycan-Türkiyə birgə təlimi gəldi;

2. Azərbaycan İsraildə səfirlik açmaq qərarını verdi.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına cəhdlərin edildiyi bir
zamanda kimlərin buna maneə yaratdığı və kimlərin bunu dəstəklədiyi açıq
göründü – ən azından, İranın timsalında müşahidə qabiliyyətimiz daha da
itiləndi.

Pələng ili Ukraynanın bəxtinə qara yazıldı, indinin özündə belə, postsovet
məkanına neqativ təsirlər göstərir, lakin Azərbaycanın xarici siyasəti, bu
siyasətin Qarabağ və Şərqi Zəngəzurdakı nəticələri, ümumilikdə Cənubi Qafqaza
müsbət təzahürləri fonunda Qərbdən də Bakıya dəstəklər artır. Fransanı çıxmaq
şərtilə Avropa İttifaqı və ABŞ-nin Azərbaycan haqqında qərəzli görünən, üzdə
olan bəyanatları isə Bakı ilə münasibətlərin ruhuna xələl gətirmək
qabiliyyətində deyil.

Çünki Qərb Azərbaycanın enerji resurslarının cazibəsindədir, üstəgəl Bakının
strateji tərəfdaşı Böyük Britaniya Azərbaycana qarşı hər hansı nəticə əsaslı
ciddi fəaliyyətə başlanılmasına icazə verməz.

2022-ci il dekabrın 12-də Şuşa-Xankəndi yolunda başlayan və bu günə qədər
davam edən aksiyalarla Azərbaycan dövləti və xalqı təbii sərvətlərinin qanunsuz
istismarına yol verməyəcəyini birlikdə nümayiş etdirir. Ancaq Bakı əleyhinə
kəskin mövqedə dayanan Rusiyadan çox, Fransadır, bu mənada 2023-cü ildə
Azərbaycan Fransa ilə əlaqələrini yenidən nəzərdən keçirməyə gedə bilər.

Azərbaycanın 2022-ci ildəki nailiyyətləri 2023-cü ildə öz təsirlərini daha
aydın şəkildə göstərə bilər, ən azından, nəzərə alaq ki, Prezidentİlham Əliyev
artıq Qərbi Azərbaycana qayıdış proqramının hazırlanması ilə bağlı tapşırıqlar
verib.

2023-cü il Azərbaycan Ermənistana təzyiqlərini artıran məzmuna yeni forma və
ölçü verə bilər.

2022-ci ildə Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyət dairəsinin
genişlənməsinə, ölkənin Çinlə münasibətlərinin inkişafına təkan verən addımlar
da atdı və gələcəkdə də bu addımını Türkiyə ilə strateji maraqlar kontekstində
nəzərə alacaq.

Aqşin Kərimov

Source link