Pənah Mirzəyev: “Bizə Bakıda nə qədər yaxşı şərait yaradılsa da, Vətən sevgisi
məni Füzuliyə çəkir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bütün gəncliyim, xatirələrim, uşaqlığım – hamısı Füzulidə, tapdaq altında
qaldı”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün doğmalarını Füzuli şəhərinə yola salan
məcburi köçkünPənah Əvəz oğlu Mirzəyev deyib.
O qeyd edib ki, bu illər ərzində onlar üçün Bakıda yaxşı şərait yaradılsa da,
daim Vətən nisgili onun köksündə yer alıb:
“Füzuli rayonunun Aşağı Veysəlli kəndindəmən. Bacım oğlunun ailəsini (beş
nəfər) yola salıram. Onlar Xəzər rayonunun Binə qəsəbəsində, yataqxanada
yaşayırdılar. Şükür ki, bu günləri görmək bizə nəsib oldu. Mən Füzulidən
çıxanda 18 yaşım vardı, artıq hər şeyi dərk edirdim. Bütün gəncliyim,
xatirələrim, xoş günlərim Füzulidə, tapdaq altında qaldı. Bakıda yaşayış
kompleksində bizi evlə təmin ediblər, hər cür şərait yaradıblar, amma buna
baxmayaraq, Vətən həsrəti, Vətən sevgisi məni bu torpaqlara, Füzuliyə çəkir. Bu
günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
30 ailə, 125 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 470
ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.
Aytac Qasımova