Azərbaycan dövləti dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.
O bildirib ki, Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkəmizin daxili siyasətinin tərkib hissələrindən biridir:
“Azərbaycanda ölkə vətəndaşlarının dini etiqad azadlığı onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi qiymətləndirilir. Vətəndaşlarımızın dini etiqad azadlığının təmini ölkə qanunvericiliyində öz əksini tapıb”.
E.Nəcəfov bildirib ki, Azərbaycanın dövlət-din münasibətlərinə yüksək qiymət verməsi milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabərliyi ilə qeyd edilir:
“Ölkə əhalisinin 96 faizi müsəlmandır. Buna rəğmən, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha qazanılan nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə zəruri olan maddi-mənəvi dəstək verir. Onu da qeyd edim ki, Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib”.
E.Nəcəfov deyib ki, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq, 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub:
“Azərbaycanda tolerantlıq mühitinin daha da gücləndirilməsi daim dövlətin nəzarətində saxlanılır. Dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşısılıqlı hörmət əsasında qurulmasına səbəb olub”.
Könül Cəfərli