Pakistan AAQ-ın rəhbəri: “Azərbaycandan maliyyə auditi sahəsində biliklər öyrənəcəyik”

Baxış sayı: 620 dəfə baxılıb.

Pakistan AAQ-ın rəhbəri: “Azərbaycandan maliyyə auditi sahəsində biliklər
öyrənəcəyik”

Pakistan İslam Respublikasının Baş auditoru Muhammad Acmal Qondal Azərbaycanda
səfərdədir. Ötən həftə Şuşada Azərbaycan Hesablama Palatası və Pakistanın Baş
Auditor Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi
keçirilib.

Pakistanın Baş auditoru “Report”a müsahibəsində təmsil etdiyi qurumun
fəaliyyəti, Anlaşma Memorandumu ilə bağlı, eləcə də Hesablama Palatası ilə
əməkdaşlıq barədə fikirlərini bölüşüb:

– Pakistanın Ali Audit Qurumunun (AAQ) rəhbəri kimi Hesablama Palatasının
fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Hesablama Palatası Azərbaycanda hesabatlılığın və şəffaflığın təmin olunması
üçün möhtəşəm işlər görür. Pakistanın AAQ-ı Hesablama Palatasında həmkar
qiymətləndirməsi aparıb. Palatanın əməkdaşları çox yüksək təcrübəyə və biliyə
malikdirlər. Palata Türkiyə və Pakistan AAQ-ından sonra yaranıb, lakin çox
böyük nailiyyətlər əldə edib. İnanırıq ki, əməkdaşlığımız davamlı olacaq. Bu
qurumdan bizim üçün yeni olan məlumatlar əldə edərək, özümüzdə həmin məsələləri
təkmilləşdirməyə çalışacağıq.

– Hesablama Palatası ilə imzalanmış memorandumdan gözləntiləriniz nələrdir və
gələcək əməkdaşlıq istiqamətləri barədə nə deyə bilərsiniz?

– Ötən həftə Şuşa şəhərində Hesablama Palatası və Pakistanın Baş Auditor Ofisi
arasındakı Anlaşma Memorandumu yenilənərək imzalandı. Sənəd özündə mövcud
qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda, kənar dövlət
maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə
fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir.

Bu sənədi Pakistanın hüquq-mühafizə orqanlarına, eyni zamanda, Nazirlər
Kabinetinə təqdim edərək onların rəyini almışıq. Baş nazir tərəfindən təsdiq
edildikdən sonra sənədi imzalamışıq. Bu, qarşılıqlı əməkdaşlıqdır. Ümid edirik
ki, memorandum hər iki AAQ üçün çox faydalı olacaq. Azərbaycan AAQ-dan bir çox
təcrübələri öyrənməyə hazırıq.

Pakistanın Ali Audit Orqanı olaraq Hesablama Palatası ilə əlaqələrimizi daha
çox təlimlər vasitəsilə təkmilləşdirməyə çalışacağıq. Palatanın və Pakistan
AAQ-ın nümayəndələrinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bundan başqa,
bizim səmərəlilik auditi sahəsində güclü təcrübəmiz olduğu üçün Palataya
təkliflərimizi verəcəyik, Azərbaycan tərəfdən isə maliyyə auditi sahəsində
bilikləri öyrənə biləcəyik.

– Fəaliyyətiniz barədə bir sıra məqamlar üzərində dayanmaq istərdik. Pakistan
İslam Respublikasında auditlərin nəticələri parlamentə ayrıca təqdim edilir və
müzakirə olunurmu? Bu proses ölkənizdə necə təşkil olunur?

– Biz hansısa təşkilatda audit apardıqdan sonra hesabatı həmin quruma təqdim
edib müzakirələr aparırıq. Audit hesabatı yekunlaşdıqdan sonra onu Pakistan
parlamentinə ölkənin prezidenti vasitəsilə təqdim edirik. Parlamentin
rəhbərliyi onu qurumun nəzdində fəaliyyət göstərən Dövlət Büdcə Komitəsinə
göndərir. Dövlət Büdcə Komitəsi, parlament rəhbərliyi, auditor, büdcə
komitəsinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Ədliyyə
Nazirliyinin iki hesabatlılıq idarəsi müzakirələrdə iştirak edirlər. Hesabatın
hər bir maddəsi ayrı-ayrılıqda müzakirəyə çıxarılır. Qərarı isə Dövlət Büdcə
Komitəsi verir. Bu qərar cəza, həbs, xidmətin dayandırlması və ya bərpaedilmə
də ola bilər.

– Pakistan AAQ ilə parlament arasında münasibət necə qurulur?

– Münasibətlər çox yaxşı qurulub. Pakistan Konstitusiyasının birinci
maddəsində belə bir bənd var ki, ölkədə heç bir qurum baş auditora müdaxilə və
ya təsir edə bilməz. Baş auditor auditin aparılıb-aparılmayacağına, nə vaxt və
necə aparılacağına, hansı audit növünün aparılacağına özü qərar verir. Nə
parlament, nə prezident, nə də baş nazir baş auditorun işinə müdaxilə edə
bilər. Onlar məsləhət edə bilərlər, lakin hər bir halda son qərar baş
auditorundur.

– İl ərzində hüquq-mühafizə orqanlarına neçə material göndərilir, onlar necə
izlənilir? Korrupsiya halları ilə qarşılaşırsınızmı? Bu halda reaksiya necə
olur?

– Hesabat hazır olduqdan sonra Pakistan AAQ onu parlament sədrinə və Dövlət
Büdcə Komitəsinə göndərir. Pakistanda baş auditor bu hesabatın hüquq-mühafizə
orqanlarına göndərilib-göndərilməyəcəyinə qərar vermir. Sonda qərarı parlament
sədri və Dövlət Büdcə Komitəsi verir. Çünki Pakistan AAQ hesabatı təqdim edən
zaman orada pozuntu halları və ya araşdırmalı məsələlərin olduğunu qeyd edir.
Araşdırılma aparıldıqdan sonra biz nəticəni Dövlət Büdcə Komitəsi vasitəsilə
öyrənirik.

– Auditlərin nəticələri KİV-də müzakirə edilirmi, ekspertlər və müxalifət
münasibət bildirirmi?

– Audit hesabatları Pakistan AAQ-ın rəsmi internet səhifəsində yerləşdirilir.
Pakistan AAQ baş naziri, Prezident Administrasiyasını, parlamenti də audit
edir. AAQ hansı qurumlarda audit aparacağı barədə bir illik proqram hazırlayır
və bunu da qurumun veb-saytında yerləşdirir. Biz bu zaman həm də ictimaiyyətin
fikrini öyrənirik. İstənilən vətəndaş fikir bildirə bilər ki, hansı təşkilatda
audit aparılmasını istəyir.

Hazırda 6 500 audit olunacaq təşkilatın siyahısı saytımızda yerləşdirilib.
Lakin sonda hansı təşkilatda hansı auditin aparılıb-aparılmayacağı barədə baş
auditor qərar verir. Pakistanın Dövlət Büdcə Komitəsinin sədri müxalifət
partiyasındandır və 25 üzvü var. Onlar parlamentin üzvləri və senatorun
üzvləridir. Dövlət Büdcə Komitəsində əksəriyyət müxalifətdən olanlardır.
Komitənin iclasları açıq keçirilir.

Source link