b4fdff05-1d8b-4bc9-89a1-9ee019752ed7..jpg

Pakistan-İran gərginliyi müharibə səviyyəsinə keçə bilər? – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 616 dəfə baxılıb.

Pakistan-İran gərginliyi müharibə səviyyəsinə keçə bilər? – “KASPİ”nin TƏHLİLİ
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistana hücum İranın daha təhlükəli vəziyyətlərlə üzləşməsinə səbəb oldu.
Nüvə silahına malik 230 milyonluq Pakistanın cavab zərbələri İslamabadın
Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi.

Ötən həftə Yaxın Şərq növbəti müharibə təhlükəsini yaşadı. Yenə də katalizator
rolunda İran çıxış etdi. Tehran rejimi terrora qarşı mübarizə adı altında İraq,
Suriya, hətta Pakistan ərazisini bombalamaqla dünyaya şok yaşatdı. Ümid etdi
ki, hücumları cavabsız qalacaq, maksimum etiraz bəyanatlarıyla üzləşəcək.
Düzdür, İraq və Suriya ilə bağlı gözləntilər özünü doğrultdu, amma Pakistan
hücumları cavabsız qoymadı.

Uzun illərdir İraqda sabitliyin olmaması, mərkəzi hakimiyyətin zəifliyi, bu
ölkədə çox sayda İrana bağlı qüvvələrin mövcudluğu Tehranın bu ölkəyə dəfələrlə
hərbi müdaxiləsinə imkan verib. Suriyadan isə danışmağa dəyməz. Ancaq Pakistana
hücum İranın daha təhlükəli durumla üzləşməsinə səbəb oldu. Nüvə silahına malik
230 milyonluq Pakistanın 24 saat ərzində İrana cavab zərbələri, ordusunu döyüş
hazırlığı vəziyyətinə gətirməsi İslamabadın Tehranın müdaxilələrinə səbirli
davranmayacağını göstərdi.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Gərginliyin əsas səbəbi

Bir faktı da qeyd edək ki, məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə
də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı
keçirir. Bunu XİN başçılarının bəyanatları da təsdiq edir. Pakistan Xarici
İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam
Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər
açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə
üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda
bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda da
verir.

Toqquşmadan sonrakı yaxınlaşma təəccüblü deyil

Bütün bunların fonunda toqquşmadan sonrakı yaxınlaşmaya təəccüblənməyə ehtiyac
yoxdur: İran Pakistanın müstəqilliyini tanıyan ilk ölkə olub. İki ölkə arasında
diplomatik münasibətlər 1947-ci ildən mövcuddur. Hər iki ölkə ABŞ-nin də daxil
olduğu SENTO hərbi ittifaqının üzvü olublar. 1971-ci ildə Hindistan-Pakistan
müharibəsi zamanı Kəraçinin hava hücumundan müdafiəsi İran Hərbi Hava
Qüvvələrinə həvalə edilmişdi ki, bu da gizli razılaşmada qeyd olunurdu. İran
Pakistanın “Taliban”a və bəzi digər qruplara dəstəyindən narazı olsa da,
onların münasibətlərini Hindistan və Pakistan arasında hökm sürən gərginliklə
müqayisə etmək olmaz. Digər səbəb isə hər iki ölkənin xalqlarının
bir-birilərini dəstəkləmələridir.

1979-cu il İran inqilabından sonra da iki ölkə arasında əlaqələr inkişaf edib.
İran-İraq müharibəsi zamanı Pakistan birinciyə hərbi yardım göstərib. 2013-cü
ildə “BBC World Service Poll” keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən,
pakistanlı respondentlərin 76 faizi İrana xoş münasibət göstərib. İki ölkə
arasında ticarət əlaqələri də artan xətt üzrə inkişaf edir. 2022-2023-cü
illərdə İranla Pakistan arasında ticarət dövriyyəsi 2 milyard 330 milyon dollar
təşkil edib. Bu da əvvəlki dövrlə müqayisədə 30 faiz çoxdur. İran Pakistandan
da keçən təbii qaz kəməri çəkməyi planlaşdırır. Bununla belə, tərəflər arasında
maraqların toqquşduğu məqamlar da az deyil. Təxminən bir il əvvəl İran
Pakistanı təbii qaz kəməri tikintisini ləngitməkdə ittiham edərək bu ölkəyə
qarşı 18 milyard dollarlıq iddia qaldıracağı ilə hədələmişdi.

Əsas sərmayəçi Çindir

İranın bombaladığı Bəlucistan regionu 1783-1958-ci illərdə indiki Omanın
ərazisi sayılıb, 1958-ci ildən Pakistanın nəzarəti altındadır. Onu da bildirək
ki, hazırda Bəlucistanın nəqliyyat infrastrukturunun əsas sərmayəçisi Çindir.
Pekin Qvadarda dərin dəniz limanının tikintisi üçün Pakistana 200 milyon dollar
ayırıb. Pakistan hökuməti isə Makran sahilindəki bu yeni limanı Kəraçi ilə yeni
magistral yollarla birləşdirməyi planlaşdırır. Rəsmi Pekin İran və Pakistanla
münasibətlərinə əsaslanaraq tərəflər arasında vasitəçiliyini təklif edib. Digər
ehtimala görə, Bəlucistan əyalətindən İran və ya Türkmənistandan strateji qaz
kəmərləri çəkilərsə, bu bölgə Pakistan üçün problem yarada bilər. Təhlilçilərin
fikrincə, Hindistan və Pakistan bazarlarına tədarük olunan qazla bağlı maliyyə
mübarizəsi bəlucların beynəlxalq silahlı qruplaşmalarla birləşməsi ilə
nəticələnə bilər. Belə vəziyyət isə regionu yeni münaqişə ocağına çevirər.

Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi kimi

Qeyd etdiyimiz kimi, İran tək Pakistana deyil, İraq və Suriyadakı hədəflərə də
hücum edib. İraq və Suriyaya hücumlarda İŞİD və İsrail qüvvələrini vurduğu
bildirilib. Hücumlar bu ayın əvvəlində Kirman şəhərində 84 nəfərin ölümünə
səbəb olan bombalı hücuma cavab olaraq reallaşdırılıb. Pakistana edilən hücum
isə “Ceyş-ül-Ədl” qruplaşmasını zərərsizləşdirmək adı altında həyata keçirib.
Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar
təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11
iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı da həmin qruplaşma olub.
Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginliklər vaxtaşırı baş verir. Etnik
bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab
edilir. Tərəflər əvvəllər də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə
də, regionda genişmiqyaslı müharibə baş verməyib.

Source link