8a270472-80f4-40e9-b8bb-631b2072fdc8..jpg

Pakistanlı ekspert: “Demokratiya Sammiti”nin demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur”

Baxış sayı: 944 dəfə baxılıb.

Pakistanlı ekspert: “Demokratiya Sammiti”nin demokratik dəyərlərlə heç bir
əlaqəsi yoxdur”

“Martın sonunda ABŞ-da keçiriləcək ikinci “Demokratiya Sammiti”nin demokratik
dəyərlərlə heç bir əlaqəsi yoxdur”.

“Report” xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə pakistanlı analitik
Xalid Taymur Əkrəm deyib.

Analitik xatırladıb ki, Pakistan birinci sammitə dəvət olunsa da, ölkə
rəhbərliyi dəvətdən imtina edib, çünki bu tədbir demokratiya ilə bağlı deyil.

Bundan başqa, Əkrəmin fikrincə, dəvət olunan ölkələrin seçimi də qəribədir:
“ABŞ bunun üçün qəribə meyarlardan istifadə edir. Bir sıra inkişaf etməkdə olan
Afrika ölkələrini sammitə dəvət edərkən Türkiyəni, hətta Avropa İttifaqı üzvü
olan Macarıstanı dəvət etməmək qərarı başadüşülən deyil”.

O, belə kriteriyaların ABŞ-ın qərəzinə əsaslandığını, bunun həm də
Vaşinqtondakı bəzi diaspor nümayəndələrinin aşkar lobbiçilik fəaliyyətinin
nəticəsi olduğunu vurğulayıb. “Ermənistanın sammitə dəvət olunmasını başqa cür
izah etmək mümkün deyil. Bu ölkə demokratik prinsiplərdən və insan hüquqlarına
hörmətdən uzaqdır”, – analitik əlavə edib.

Əkrəmin fikrincə, Ermənistanda insan haqları sahəsində ciddi pozuntular var:
media nümayəndələrinə təzyiq və hücum halları, bir sıra vətəndaşların siyasi
motivlərlə ölkəyə girişinə qadağa, siyasi partiyaların nümayəndələrinin təqib
və həbs edilməsi və s.

“Buna görə də ABŞ-ın Ermənistanı Demokratiya Sammitinə dəvət etmək qərarı
böyük suallar doğurur və Cənubi Qafqaz regionu ölkələrinə ikili standartlı
yanaşma olduğunu nümayiş etdirir”, – analitik fikrini yekunlaşdırıb.

Source link