c8d09105-7d97-41d1-a7c9-472b0504e522..jpg

Paralimpiya çempionu İlham Zəkiyev: “Mən yeganə adamam ki…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 556 dəfə baxılıb.

Paralimpiya çempionu İlham Zəkiyev: “Mən yeganə adamam ki…” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sizi kiçik, amma sevgi dolu məktəbimizdə görmək xoşdur” sözləri Paralimpiya
çempionu İlham Zəkiyev üçün məktəblilərin dilindən səslənən ən xoş səmimiyyət
oldu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi”

qəzetinin birgə reallaşdırdığı “Məktəbdə…” layihəsi növbəti qonağını –
ikiqat Paralimpiya çempionu, cüdoçu, üçqat dünya çempionu, səkkizqat Avropa
çempionu, Əməkdar məşqçi İlham Zəkiyevi paytaxtdakı 65 nömrəli tam orta
məktəbdə qarşıladı.

Çempionluğa aparan yol

“İlham Zəkiyev Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda cüdo ilə
məşğul olmağa başlayır. Çox qısa bir müddət ərzində uğurlara imza atır,
Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlir. Sonra gənclər arasında
keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və
sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur” – deyə çempionun
məktəblilərin dilindən səslənən hər kəsə örnək olan həyat hekayəsini zaldakı
şagird və müəllimlər maraqla dinləyirlər: “1998-ci ilin iyun ayında Azərbaycan
kubokunu qazanır. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək
olimpiadasına vəsiqə qazandırır. Lakin Moskvadakı olimpiadaya getmək ona
müyəssər olmur. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılır və 2 iyul
1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayır.

Zəkiyev 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə
düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması
İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun
böyük idmana qayıtması bir fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq,
İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı: 2002-ci ildə ovaxtkı
gənclər və idman naziri ilə görüşür. Nazir İlhamın Moskvada müalicə almasına
köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə
qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər.
Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə
müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi
barədə sorğu göndərir. Burada ona Paralimpiya üzrə cüdo yarışlarında iştirak
etməyi təklif edirlər. Bundan sonra İlham Zəkiyevin hər kəsi heyrətə salacaq
uğurları başlayır…

“Müəllimlərimi ikinci valideynlərim sayıram”

“Siz uşaqlıqda necə şagird olmuşunuz: dəcəl, yoxsa sakit?” – deyə zaldakı
heyrət dolu sükutu uşaqlardan birinin sualı pozur. “Mən dəcəl olmamışam, sakit
uşaq olmuşam. Dərslərimi də həmişə yaxşı oxumuşam, yaxşı qiymətlər almışam.
Çalışmışam ki, mənə görə valideynlərim söz eşitməsinlər. Məktəbli olarkən ən
çox sevdiyim fənlər coğrafiya, tarix və riyaziyyat olub. Siz də dərslərinizi
yaxşı oxuyun. Bu, sizin gələcəkdə yaxşı mütəxəssis olmanıza və həyatda layiqli
yer tutmağınıza kömək edəcək. İşinizin peşəkarı olmağa çalışın”, – deyə cavab
verdi.
“Siz idmanı seçəndə kiminsə həyat yolunu örnək götürdünüz?” – deyə uşaqlardan
biri soruşdu: “İdmana həvəs mənə böyük qardaşım Fikrətdən keçdi. O, məndən 3
yaş böyük idi və güləşlə məşğul olurdu. Onun sayəsində mənim də idmana həvəsim
yarandı. Əgər siz də idmanı sevirsinizsə, çalışın idman növünü düzgün seçin” –
çempion cavab verdi.

Şagirdlərdən biri: “Məktəb illərinizi və müəllimlərinizi necə
xatırlayırsınız?” – deyə sual ünvanladı: “Oxuduğum məktəbə həmişə gedirəm və
müəllimlərimə baş çəkirəm. Müəllimlərimi ikinci valideynlərim sayıram. Onlar
mənim həyatımda böyük rol oynayıblar. Təkcə oxumağı, yazmağı öyrətməyiblər,
həmçinin həyatı öyrədiblər. Siz də müəllimlərinizi sevin, onlara hörmət edin” –
deyə İlham Zəkiyev cavab verdi.

“Bizim bəxtimiz onda gətirib ki…”

“Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Bir
idmançı üçün dövlətin ali mükafatına layiq görülmək onun üzərinə hansı
məsuliyyətləri qoyur?” – deyə soruşan şagirdin sualına “Mən yeganə adamam ki,
ölkəmizdə Prezidentin sərəncamları ilə iki dəfə “Şöhrət” Ordeninə layiq
görülmüşəm”, – deyə qürurla cavab verdi:

“Bizim bəxtimiz onda gətirib ki, idmanı sevən və dəyərləndirən ölkə başçımız
var. O, bütün idmançılara böyük diqqət və qayğı göstərir. Ölkəmizin bütün
şəhərlərində idmançılar üçün lazımi şərait yaradılıb. Biz də Vətənə xidməti
idmanda qazandığımız uğurlarla davam etdiririk. Hər dəfə tatamı üzərinə çıxanda
himnimiz çalınanda və üçrəngli bayrağımız dalğalananda bundan böyük xoşbəxtlik
və qürur hissi olmur”.

“Prezident İlham Əliyev həmçinin sizi “cəsurluq və ləyaqət simvolu”
adlandırıb. Bu, sizin üçün nə deməkdir?” – deyə soruşan digər məktəbliyə qonaq
“bunlar mənim üçün ən yüksək dəyərdir. Bu fikir mənim üzərimə daha böyük
məsuliyyət qoyur və daha çox çalışmağa sövq edir”, – deyə cavab verdi:
“Prezident bizi yarışa yola salanda heç vaxt demir ki, gedin, qızıl, ya gümüş
medal gətirin. Həmişə deyir ki, gedin, ölkəni layiqincə təmsil edin. Qayıdandan
sonra o, bizi qəbul edir, mükafatlandırır. Bu, bizim üçün ən böyük
motivasiyadır”.

Ehtiyat etdiyim rəqib yoxdur.

“Heç tatamı üzərində erməni rəqibiniz olubmu?” – deyə uşaqlardan biri
maraqlandı: “Ermənilər hələ o səviyyəyə çatmayıblar ki, bizə rəqib olsunlar.
Ümumiyyətlə, erməni idmançı paralimpiyada yoxdur. Çüdoda da yoxdur. Onlar bu
sahədə hələ bircə medal da qazanmayıblar. Başqa rəqiblərə gəlincə, idmanda zəif
rəqib olmur. Hər kəs öz ölkəsinin ən yaxşı idmançısı kimi yarışır. Hamı tatamı
üzərinə çıxanda “İlhamı udum” deyərək yarışa girir. Mənim isə yarışda ehtiyat
etdiyim rəqib yoxdur, əksinə, həmişə rəqiblər məndən çəkinirlər”.

“İdmançının ən böyük motivasiyası nədir?” – deyə soruşan şagirdə cavab belə
oldu: “Ən böyük motivasiya Vətəni sevməkdir. Əgər idmançı fikirləşsə ki, o,
qalib gəlsə çoxlu pul qazanacaq, onda o qalib gələ bilməyəcək. Əgər o, qəlbində
Vətənə sevgi ilə yarış meydanına çıxsa, bayrağını yüksəklərə qaldırmaq haqqında
düşünsə, onda o mütləq qalib olacaq!”

Source link