Paralimpiya Komitəsindən yarışa buraxılmayan idmançılarla bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan paracüdoçuları – Dürsədəf
Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova və Kənan
Abdullaxanlının Türkiyənin Antalya şəhərindəki Qran-priyə buraxılmamaları ilə
bağlı iddialara münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, problem sənədlə bağlı olub.
“Paracüdoçularımız bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi
təsnifatdan keçiblər və mübarizə aparıblar. Antalyadakı yarışdan əvvəl adı
çəkilən idmançılarımıza ilkin tibbi təsnifat zamanı “CNC” (Classification not
confirmed, yəni, təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və onların
növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub.
Paracüdoçularımız üçün “NE” (non eligible, yəni, uyğun gəlməyən) statusu
müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub.
Tələb olunan sənəd Bakıda hazırlanaraq yenidən sistemə yüklənəcək.
Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə
yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak
üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb.
“Tokio-2020” Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə
adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.
Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından
çıxarılmayıb. Paracüdoçularımız “Paris-2024” Yay Paralimpiya Oyunlarına
hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.
Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və
idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri
görməyə davam edəcəyik. Sözügedən idmançılar bundan əvvəlki yarışlarda
qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar”, –
açıqlamada bildirilib.