Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.
ÇıxışYolu.Com “Le Parisien” nəşrinə istinadla bildirir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.
Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.
Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.