Parisdəki “Azərbaycan Evi” Natəvanın abidəsi ilə bağlı şəhər meriyasına
müraciət edib – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın Paris şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” ölkənin
Evian-les-Ba şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və
parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında
yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanın adından
Evian-les-Ba şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud
durumdan dərin narahatlıq ifadə edilib.
Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə dəyər verən dövlət
kimi tanındığı yada salınıb:
“Lakin Azərbaycana qarşı son hərəkətlər, xüsusən də “Azərbaycan bağı”nın
adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər ədalət və mədəni
müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.
Xurşidbanu Natəvanın XIX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından biri,
qadın azadlığının rəmzi olduğu, Azərbaycanın ictimai əlaqələrinin mədəni
yüksəlişinə və həyatına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Avropadakı
qadın yazıçıların tez-tez kişi təxəllüslərindən istifadə etdiyi bir vaxtda
islami dəyərlərin daşıyıcısı olan Natəvanın ölkəmizin mədəniyyət şəhəri olan
Şuşada ədəbi məclislərə rəhbərlik etdiyi, 1858-ci ildə məşhur fransız yazıçısı
Aleksandr Düma ilə tanış olduğu vurğulanıb:
“Onların dostluğunu Natəvanın fransız dilini mükəmməl bilən əri Xasay xan
möhkəmləndirdi. Natəvanın Bakı şəhərindən Şıx kəndinə daş yol çəkməsi hadisəsi
A.Dümanın “Qafqaza səyahət” kitabında xatırlanıb”.
Bildirilib ki, belə qərarlar ölkələrimiz arasında xoş niyyətin gücləndirilməsi
üçün vacib olan qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrini pozmaq riski
yaradır. Halbuki Fransa müxtəlif mədəni irslərə və ikitərəfli əlaqələrə
hörmətli münasibət sərgiləməlidir:
“Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin
qorunmasının vacibliyini dərk edərək, biz hakimiyyətin müvafiq qurumlarını bu
qərarlara yenidən baxmağa çağırırıq”.
Mədəniyyətin ölkələrə bütün digər maneələri dəf etmək imkanı verdiyini
vurğulayan Paris “Azərbaycan Evi” bu problemə diqqət yetirilməsini xahiş edib
və onun Fransanın qürurla təmsil etdiyi müxtəlif mədəniyyətlərin dəyərlərinə
uyğun şəkildə həllinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-les-Ba şəhəri
arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasına
əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan Bağı” açılıb və parkda görkəmli
Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.
13:30
“Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi
biabırçılıqdır”.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə fransalı məşhur jurnalist, Fransanın “La
Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru Jan-Mişel Brun özünün “X”
sosial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin
sökülməsi xəbərinə münasibət bildirərkən vurğulayıb.
O qeyd edib ki, bu qərardan sonra Volter və Zolya məzarlarında fırlanırlar.
Xatırladaq ki, dekabrın 22-də Evian-les-Ba bələdiyyəsinin Natəvanın şərəfinə
ucaldılan abidəninsökülməsi ilə bağlı
Azərbaycan mədəniyyətinə düşmən qərar qəbul etdiyi barədə məlumat yayılıb.
Həmçinin həmin gün məlum olub ki, şəhərdə “Azərbaycan parkı”nı qeyd edən bütün
lövhələrin götürülməsi barədə qərar qəbul edilib.