Fransada səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidenti Emmanuel Makronun köməkçisi Emmanuel Bonn ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Ermənistan mətbuatında yayılan xəbərə görə, görüş zamanı həmçinin münasibətlərin inkişafı, eləcə də ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, yaxın zamanda Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satmışdı.
Politoloq Turab Rzayev “Sherg.az”a açıqlaması zamanı bildirib ki, Fransa Ermənistanın ən böyük hamilərindən biridir:
“Ermənistan ABŞ-dən və bir çox Avropa ölkəsindən dəstək görsə də, Fransa öz ermənipərəst siyasəti ilə digərlərindən fərqlənir. Bu cür görüşlərin mütəmadi keçirilməsi normaldır. Lakin rəsmi Paris bilməlidir ki, onun ermənipərəst siyasəti, Ermənistanı silahlandırması regionda sülh və sabitliyə mane olur, sülh yolunda atılan addımlara zərər vurur. Fransa bir neçə dəfə satılan silahların “müdafiə” məqsədli olduğunu desə də, bunların içində hücum üçün istifadə edilən silahlarda var”.
Ekspert əlavə edib ki, rəsmi Parisin bu addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə səbəb ola bilər:
“Fransanın hazırda dünya siyasətindəki mövqeyi zəifləyir. Bunun qarşısını almaq istəyən rəsmi Paris isə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Hesab edirəm ki, Fransanın Cənubi Qafqazdakı planları iflasa uğrayacaq”.