17c3c89a-6dcf-41c3-8ee8-d346605d39cd..jpg

Parklanma ilə bağlı bitməyən problemlər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 551 dəfə baxılıb.

Parklanma ilə bağlı bitməyən problemlər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parklanma ilə bağlı yeni qaydalar avtomobillərini uzunmüddətli park edənlər
üçün müəyyən problemlər yaradıb. Mövcud vəziyyətdən çıxış yolu olaraq bəzi
ekspertlər qiymətlərə yenidən baxılmasını təklif edirlər. Bu təkliflərə dəstək
verən deputatlar da var. Bəs parkinq qiymətlərində dəyişiklik edilməsi nə
dərəcədə realdır?

“Kaspi” qəzeti
mövzu ilə bağlı məqalə dərc edib.

İmtiyazların hazırda da mövcud olduğu deyilir

Nəqliyyat eksperti Adil Nəbiyev “Kaspi” qəzetinə açıqlamasında dedi ki,
Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul
edilən yeni qaydalar həm tarifləri, həm şəhərin tarif zonalarını, eyni zamanda
yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni
qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına,
qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına
xidmət edir.

A.Nəbiyevin sözlərinə görə, ödənişlə bağlı hazırda da müəyyən güzəştlər
mövcuddur:

“Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat
vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Şəhərin
hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət
tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan
sakinlərdən də ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları
mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda
isə imtiyazlar nəzərdə tutulmayıb”.

Parklanma üçün əlavə yerlərə ehtiyac var

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, parklanma ilə
bağlı problemlərin əsas səbəbi yerlərin məhdud sayda olmasıdır:

“Bu problem artıq özünü kəskin şəkildə büruzə verir. Problem ondan qaynaqlanır
ki, hazırda Bakı şəhərində olan obyektlərin böyük əksəriyyətinin parklanma yeri
yoxdur. Parklanma yerini yaşayış, qeyri-yaşayış obyektləri, onların sahibləri
yaxud da qurum rəhbərləri təşkil etməyə borcludurlar. Amma təşkil etməyiblər.
Məsələn, xəstəxana, alış-veriş mərkəzi, biznes mərkəzi, idarə və təşkilatların
parklanma yerləri yoxdur”.

İş yerlərinə yaxın parklanmalar üçün güzəştlər istənilir

E.Cəfərovun fikrincə, hazırda parklanma qiymətlərinə yenidən baxılması və
endirim və güzəştlərin edilməsi daha doğru addım olardı:

“Boş yer tapa bilmədiyi üçün vətəndaş avtomobilini dövlətin balansında olan
pullu parklanma yerində saxlamağa məcburdur. Bu da gün ərzində xeyli məbləğ
deməkdir. Mən də tərəfdarıyam ki, məbləğlər yuvarlaqlaşdırılmalıdır. Məsələn,
əgər şəhərin mərkəzində bir saatı bir manatdırsa, 4-5 saat mütəmadi maşınını
saxlayan, həmin ərazilərdə işləyən şəxslər üçün güzəşt olunması doğru addım
olardı. Yaxud, ümumiyyətlə saatı bir manatdan daha aşağı məbləğə
endirilməlidirlər ki, vətəndaşlarımız üçün parklanma yerləri daha əlçatan olsun
və problemlər yaranmasın”.

Vəziyyəti ancaq qiymət siyasəti ilə tənzimləmək olar

Nəqliyyat eksperti Yasin Mustafayev isə düşünür ki, hazırda parkalnma
qiymətləri aşağı salınsa, bu halda vəziyyət daha da acınacaqlı olacaq:

“Parklanmanın qiyməti tələb və təkliflə bağlıdır. Şəhərin mərkəzi hissələrində
yer məhduddur. Adam var 15-20 dəqiqəlik hansısa quruma, idarəyə, şirkətə gəlir,
yarım saat, bir saat maşını saxlayıb işini görüb gedir. Şəhərin mərkəzində bir
manata, bir az kənarda 70 qəpiyə saxlayır. 5-10 saat saxlayan adam üçün bu,
böyük bir məbləğdir. Amma məbləği də aşağı salıb bütün günü o yeri zəbt etmək
başqalarının haqqına girmək hesab olunur. Şəhər mərkəzinə, parklama yerləri
məhdud olan zonalara çox vaxt maşınsız getmək lazımdır. Bu layihə ictimai
nəqliyyatdan daha çox istifadə etmək, populyarlığını artırmaq, insanları bu
istiqamətə yönəltmək üçün reallaşdırılır. Qiymət aşağı salınsa, adamlar səhər
maşını saxlayacaq, bir də işdən çıxanda götürüb gedəcək. Yeri ancaq qiymət
siyasəti ilə məhdudlaşdırmaq, tənzimləmək olar. Qiymətlərə yenidən baxılacağını
və aşağı endiriləcəyini düşünmürəm”.

Kim 6-7 manat vermək istəmirsə…

Y.Mustafayev bildirdi ki, bahalı parklanma yerlərindən bir az kənarda maşını
saxlayıb mərkəzə piyada və ya ictimai nəqliyyatla gəlmək mümkündür:

“Parklanma ilə bağlı bir boşluq görmürəm. Xidmətlə bağlı əməkdaşlar da həmişə
ərazidə olur. Mobil tətbiqin istifadəsi də çox rahat, praktikdir. Mənim heç bir
iradım yoxdur. Bir məsələ ilə bağlı qərar veriləndə, təbii ki, hamını razı
salmaq mümkün deyil. Əgər istəyiriksə ki, şəhər tıxacdan azad olsun,
çətinliklərdən qurtulaq, bunun üçün ictimai nəqliyyata keçməliyik. Bir az
kənarda maşını saxlayıb daha ucuz, bəlkə də pulsuz parklanma yeri tapmaq
mümkündür. Kim 6-7 manat vermək istəmirsə, bir az kənarda saxlaya, ictimai
nəqliyyatdan istifadə edə bilər. Qiymətləri yenidən endirmək haqqında düşünsək,
o zaman şəhərdə nəqliyyatın sıxlığı daha da artacaq”.

Source link