c167b897-30a6-40ae-b731-54085ca5bda3..jpg

Parlament seçkisinə hazırlıq: Kimlər deputat ola bilər? – İZAH

Baxış sayı: 586 dəfə baxılıb.

Parlament seçkisinə hazırlıq: Kimlər deputat ola bilər? – İZAH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçirilən iclasında parlament
seçkisi ilə əlaqədar anons verilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin
noyabrında parlament seçkisi olmalıdır. Qurum sədri bildirib ki, seçkinin
müddəti önə də çəkilə bilər.

Qeyd edək ki, Azərbaycanda VI çağırış Milli Məclis 2020-ci ilin fevralın 9-da
keçirilən növbədənkənar seçkinin nəticələrinə əsasən formalaşıb.

Konstitusiya ilə parlamentin səlahiyyət müddəti 5 ildir.

Ancaq növbədənkənar seçkidə seçilən parlamentin çağırışının səlahiyyət müddəti
beş ildən az ola bilər.

Bu halda Milli Məclisə növbəti seçki növbədənkənar seçkidə seçilən parlamentin
çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar
günü keçirilir.

Ancaq Azərbaycanda noyabrda COP29 beynəlxalq mötəbər tədbir keçiriləcək. Buna
görə də, seçkinin önə çəkilməsi ehtimalı var.

Hər bir halda, görünür ki, bu il parlament seçkisi keçiriləcək. Belə oldu
təqdirdə, deputatlıq iddiasında olanlar da fəaliyyət planı cızırlar.

Bəs kimlər deputat ola bilər?

Konstitusiyanın 85-ci maddəsi deputatlığa namizədlərə aid tələbləri göstərir.

Ana Qanuna əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək
hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Azərbaycanda
isə səsvermə hüququ 18 yaşdan yaranır. Göründüyü kimi, 18 yaşdan yuxarı şəxslər
deputatlığa namizəd ola bilərlər. Namizəd üçün son yaş həddi isə nəzərdə
tutulmur.

Bununla belə, səsvermə hüququna malik bütün şəxslər də deputat ola bilməzlər.

Konstitusiyaya əsasən:

– ikili vətəndaşlığı olan,

– başqa dövlətlər qarşısında öhdəliyi olan,

– icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən,

– elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli
fəaliyyətlə məşğul olan şəxslər,

– din xadimləri,

– fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən,

– ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,

– məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində
cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.

İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər bir halda namizəd
ola bilərlər ki, onlar vəzifələrindən istefa versinlər.

Aqşin Kərimov

Source link