Parlamentarilərin görüşləri Azərbaycan və Ermənistana nə qazandıracaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan ilə Ermənistan arasında yeni format başlayır. Sülh prosesinin
sürətlənməsi istiqamətində tərəflər arasında müxtəlif formatda görüşlər
keçirilir. Hər iki ölkənin dövlət rəsmilərinin görüşlərinə yeni format əlavə
edilir.
Belə ki, artıq Azərbaycanla Ermənistanın parlament sədrləri mühüm məsələlərlə
bağlı bir araya gəlirlər. Parlament diplomatiyasının başlanması, xüsusilə bu
görüşlərin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı müzakirələrin getdiyi
ərəfədə baş verməsi, şübhəsiz ki, əlamətdar hadisədir.
Ermənistanın ali qanununda, həmçinin digər qanunvericilik aktlarında kifayət
qədər ciddi problemlər var. Parlament diplomatiyasında isə əsas iki səbəb özünü
göstərir. Birincisi, Ermənistanın Konstitusiyası və digər qanunverici
aktlarındakı sülh prosesinə mane olacaq maddələrin dəyişdirilməsidir. Bunun
üçün parlamentlərarası əməkdaşlığa ciddi ehtiyac var.
Düzdür, bu məsələ dövlət rəsmiləri arasında müxtəlif formatlarda baş tutan
görüşlərdə müzakirə edilir. Ancaq məsələnin parlament səviyyəsində qaldırılması
problemin daha dərinliyinə enməyə kömək edəcək. Bu isə problemin daha tez və
əhatəli həllinə kömək edəcək. İkincisi isə xalqlar arasında etimad mühitinin
qurulmasının vacibliyidir. Prosesin ən önəmli mərhələsi isə parlamentarilər
arasında baş tutacaq əməkdaşlıq olacaq. Hazırda Qərbi Azərbaycanla bağlı məsələ
də Ermənistanla aparılan danışıqlarda bizim üçün əsasdır. Son zamanlar Qərbi
Azərbaycan İcmasının fəaliyyəti də yeni mərhələyə keçir.
İcmanın fəaliyyətində yaxından iştirak edən, Qərbi Azərbaycanla bağlı
məsələlərdə kifayət qədər məlumatlı olan xeyli sayda millət vəkilimiz var. Bu
isə məsələnin üzərinə ümumi yox, birbaşa, yəni rayonlar üzərindən getməyə kömək
olacaq. Azərbaycan parlament diplomatiyasında böyük uğurlar qazanıb. Milli
Məclisin xarici əlaqələrdə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında, ikitərəfli əlaqələrin qurulmasında mühüm xidmətləri olub.
Parlamentin hazırkı sədri Sahibə Qafarova spiker olmamışdan əvvəl də AŞPA-dakı
nümayəndə heyətinin üzvü kimi aktiv fəaliyyəti ilə seçilib. İndi onun
ermənistanlı həmkarı Alen Simonyanla görüşləri, artan qarşılıqlı təmaslar,
parlamentlərası əməkdaşlıq öz bəhrəsini verəcək. Yeni görüşlərin
planlaşdırılması və verilən mesajlar müsbət ümidlər formalaşdırır.
Ətraflı Baku TV-nin süjetində: