“Ağlabatan” sözü parlamentdə ciddi müzakirə və mübahisə mövzusu olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı adıçəkilən komitənin üzvü, professor Rafiq Məmmədhəsənov bu sözə etirazını bildirib:
“Vallah, mən, necə deyərlər, “Tarixi Nadir”i yarıyacan oxumuşam, amma başa düşə bilmirəm ki, qanun layihəsinə bu “ağlabatan” sözü necə daxil olub. Ağlabatan, ağlabatmayan…
Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb. Bu, düzgün deyil”.
Deputat Aytən Mustafayeva da bu sözə etirazını bildirib:
“Bəzən biz elə əcaib-qəraib şeylər yazırıq ki, sonradan heç özümüz başa düşmürük. Biz başa düşmürüksə, bu yazıq əlillər, sadə insanlar onu necə başa düşsünlər?! Biz qanunlar onları üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.
Millət vəkili Jalə Əliyeva da qanun layihəsinin işlənilməsi, təkmilləşdirilməsi zamanı başqa sözün tapılmadığını, bu səbəbdən “ağlabatan” sözünün yazıldığını bildirib:
“Biz bəzən hansısa sözünü qarşılığını tapa bilmirik. Məsələn, məcəllələrdən birinə “uçot” sözü salınıb. Mən soruşmaq istəyirəm, ay qardaşlar, bu nə sözdür, onun Məcəllədə nə işi var?
Hesab edirəm ki, qanunlarımızdakı, məcəllələrimizdəki sözlər, terminlər dəqiq əksini tapmalıdır, onları gözdən salmalı deyil”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com