Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti
komissiyanın iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, komissiya bu gün ilk dəfə toplaşacaq.
Qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyası VII çağırışın ilk sessiyasında yaradılıb.
Deputat Ramid Namazov komissiyanın sədri seçilib. Komissiyanın üzvləri Əminə
Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Sevil Mikayılova, Rasim Musabəyov,
Qaya Məmmədov, Gülşən Paşayeva, Zaur Şükürovdur.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın vəzifə
və səlahiyyətləri aşağıdakılardır:
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli
Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı
hallara dair hesabatların hazırlanması;
– Xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair
təkliflərin hazırlanması;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli
Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə
ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli
Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə
ictimai dinləmələrin keçirilməsi;
– Aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq
əlaqələrinin qurulması;
– Qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından
araşdırılması, təhlil edilməsi və bununla bağlı Azərbaycan Respublikasının
Milli Məclisinə təkliflərin verilməsi;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli
Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə
dair müvafiq müzakirələrində iştirak edilməsi;
– Hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan
Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında
nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi.
Qeyd edək ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti
komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət
müddəti ərzində fəaliyyət göstərir.