Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini
həll edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan hakimiyyəti elə bir məqama yetişib ki, masa üzərində ölkənin
gələcəyi ilə bağlı çox konkret bir plan durur”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi”
partiyasının üzvləri ilə görüşündə deyib.
“Bu, çox mühüm mərhələdir. Və biz partiya olaraq bu mərhələdə çox fəal
olmalıyıq”, – deyə o bildirib.
Bəzi ərazilərdə Azərbaycanla sərhədin delimitasiyası prosesindən danışan
Paşinyan qeyd edib ki, bu, çox ağrılı məsələdir, lakin indi hansısa kənd, yol
və ya evlərin deyil, Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu məsələsi
həll olunur.
“Və biz bu məsələni həll edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur, çünki bu,
bizim missiyamızdır, bu, “Vətəndaş sazişi” partiyasının missiyasıdır”, – deyə
Paşinyan qeyd edib.
O əlavə edib ki, dövlət təfəkkürü ilə qeyri-dövlət təfəkkürü arasında sərhəd
var.
“İndi biz dövlət təfəkkürünə yenicə giririk, çünki biz dövlət təfəkkürü
çərçivəsində deyildik. Öz Vətənimizdə Vətən axtarırdıq. Vətən nədir? Bizim
vəziyyətimizdə bu sual olduqca konkret cavab tələb edir. Çünki bizim şüurumuzda
və şüuraltımızda Vətən haqqında bir neçə təsəvvür var. Elə bunun üçün də “Vətən
– dövlətdir” konsepsiyası irəli sürülüb”, – deyə Paşinyan əlavə edib.
Mənbə: Ermənistan KİV