Paşinyan Kremllə rus ruletkası oynayır: Qərbin vədləri heç nəyə yaramayacaq –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya ilə Ermənistan arasında münasibətlər gərgindir. Bunun səbəbi İrəvanın
sürətlə Moskvadan uzaqlaşmaq cəhdidir. Ermənistanın baş naziri Nikol Paşinyanın
və onun komandasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə
səsləndirdikləri tənqidi fikirlər ikitərəfli münasibətləri daha da
kəskinləşdirir.
Rəsmi İrəvan adıçəkilən təşkilatda fəaliyyətini dondurduğunu açıqlayıb. Bunun
üçün hüquqi prosedurların da yerinə yetiriləcəyi istisna deyil. Kreml KTMT
məsələsinə görə N.Paşinyan hökumətindən izahat istəyir. Rusiyanın xarici işlər
naziri Sergey Lavrov deyib ki, Moskva İrəvanla münasibətlərə yenidən baxa bilər.
Əlbəttə, Ermənistanın KTMT-dən çıxması ilə Rusiya ciddi itkiyə məruz
qalmayacaq. Amma bu, açıq şəkildə Kremlə meydan oxumaq cəhdidir. Moskvanın
İrəvanın bu davranışına ciddi reaksiya verməsi mümkündür.
Sözsüz ki, Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun
deyil. Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən
Fransadan alır. 2008-ci ildə Gürcüstanda olanları yada salaq: Qərbin də təhriki
ilə Gürcüstanla Rusiya arasında müharibə başlandı. Nəticədə Rusiya Cənubi
Abxaziya və Osetiyanı tutdu. İndi isə nə Gürcüstanın, nə də onun keçmiş
prezidenti Mixail Saakaşvilinin taleyi Qərbi maraqlandırır.
ABŞ və müttəfiqlərinin Şərqi Avropada etdikləri də bu qəbildəndir: Ukrayna
vasitəsilə Rusiyaya qarşı müharibəyə başladılar, indi isə geri çəkilirlər.
Məqsəd aydındır – Rusiyanın ayrı-ayrı regionlara təsirini azaltmaq. Rəsmi
Moskva ilə birbaşa qarşılaşmaq istəməyən Qərb bunun üçün proksilərdən
yararlanır.
Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.
Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ
ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə
müdaxiləsi ilə nəticələnə bilər. Bu zaman Avropa da hərəkətə keçəcək. Bu,
indiki halda Moskvaya sərf etmir. Çünki gücü parçalanacaq, bir neçə cəbhədə
mübarizə aparmalı olacaq. Amma nəzərə almaq lazımdır ki, ehtimal olunan bu
ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki
olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynanın potensialından
dəfələrlə azdır. Ona görə bu versiyanın reallaşması Ermənistana baha başa
gələcək.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib ki,
Rusiyadan uzaqlaşmaq cəhdi N.Paşinyana baha başa gələ bilər. Qeyd olunub ki, o,
Kremli qıcıqlandırmağa çalışır: “Bu da ağır nəticələrə səbəb ola bilər”.
Vurğulanıb ki, bəzi analitiklər də bu mövqeyinə görə N.Paşinyanı tənqid edirlər.
Ehtimal etmək olar ki, baş nazir Qərbdən ciddi təhlükəsizlik təminatları,
vədlər alıb. Əks halda belə riskli addımlar atmazdı. Amma onu da nəzərə almaq
lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan
ərazisinə hərbi müdaxilə deyil. Bu ölkədəki 102-ci hərbi baza özü N.Paşinyan
hakimiyyəti üçün “Domokl qılıncı”dır.
Bütün bunlar onu göstərir ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan
sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq. Moskvanın isə sonsuza
qədər səbirli olacağı inandırıcı deyil.
Beləliklə, N.Paşinyan faktiki olaraq rus ruletkası oynayır. Onun nəinki
hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır.
“Report” İnformasiya Agentliyi