37d651f6-c3e8-4614-b2da-71b9e2c3be76..jpg

Paşinyan “müharibə” deyir – TƏHLİL

Baxış sayı: 887 dəfə baxılıb.

Paşinyan “müharibə” deyir – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransındakı
bəyanatlarını ölkəsinə “növbəti müharibəyə hazır olun” tezisləri üzərində
səsləndirdi.

Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da
analoji mətnlərlə çıxış etdi və Azərbaycanın ultimatum dili ilə danışdığını
bildirdi.

Qriqoryanla Paşinyanın ard-arda eyni məzmuna müraciət etmələri bir gerçəkliyi
göz önünə sərir: Azərbaycanın tələblərinin və şərtlərinin bir neçə strateji
istiqamətini Ermənistan qəbul etmir.

Paşinyan dəstək üçün ənənəvi biclik işlədərək, Rusiyanın hakimlik etdiyi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gileylənib.

Beləcə, bu şikayətlə KTMT-nin funksional olmadığını bildirərək, həmin
təşkilatı öz varlığını göstərmək üçün hərəkətlərə təhrik edir.

Paşinyan fikirlərini “KTMT istəsə də, istəməsə də, Ermənistanı tərk edir”
cümləsi ilə möhkəmləndirməyə çalışır.

Ermənistan bundan sonra da KTMT-dən kömək dilənməyə davam edəcəksə, o, elə
həmin hərbi blok tərəfindən qınanılacaq.

Birinci səbəb: KTMT-yə üzv olan dövlətlər Ermənistana görə Azərbaycanla
münaqişə yaradacaq xətti seçmirlər.

İkinci səbəb: KTMT ciddi fikir ayrılıqları ilə yekun nöqtəyə vura bilmir, bunu
Ukraynadakı müharibəyə yanaşmada da görmək olur.

Üçüncü: KTMT üzvlərindən Qırğızıstan və Tacikistan bir-birilə sərhəd
münaqişəsi yaşayırlar və onlar üçün başqa regiona qüvvə göndərmək əlavə bəladır.

Dördüncü məntiq: Qazaxıstan və Belarus Ermənistanla əməkdaşlığın perspektivi
olmadığını dərk edərək Azərbaycana böyük önəm verirlər.

Beləliklə, təşkilat daxilində KTMT qüvvələrinin Azərbaycan-Ermənistan
sərhədinə gəlişi üçün yekdil qərar çıxarmaq müşkülləşir.

KTMT-dən ümidlərini üzüb Avropa İttifaqının monitorinq missiyasına bel
bağlayan Ermənistan bundan da nəsibini almayacağını anlayır.

Paşinyanın açıqlamalarının davamını “Qarabağda və sərhəddə eskalasiya riski
yüksəkdir” sitatı ilə gətirməsi beynəlxalq aləmin dəstəyini qazanmaq məqsədi
daşıyır. Bu o deməkdir ki, Azərbaycan heç kimə məhəl qoymadan öz istəklərinə və
hədəflərinə doğru maksimal irəliləyiş əldə etməkdə israrlıdır.

Azərbaycan üç sadə şərt irəli sürür:

1. 10 Noyabr Bəyanatının müddəaları hərfbəhərf yerinə yetirilsin;

2. Kreml və Brüssel mərkəzli üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar, o
cümlədən sərhədlərin delimitasiyasına dair razılaşmalar öz şərtləri əsasında
reallaşsın;

3. Ermənistan zamanı silahlanma və revanşizm üçün fürsətə çevirməsin.

Hərbi eskalasiya riski Ermənistanın tutduğu mövqe ilə mütənasibdir, yəni
İrəvan bu məsələdə Bakını günahlandırmaqdansa, sülh üçün özünü cilalamağı
bacarmalıdır.

Lakin Azərbaycanla Ermənistan arasında siyasi dialoq kanalları qapanmayıb,
bəlkə də, Paşinyan növbəti danışıqlarda diktə altında qəbul edəcəyi qərarların
nəticələrinə hazırlıq məşqi edir.

Hər halda, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin içərisində
fundamental problemlərin olduğu verilən bəyanatlardan sezilir və görünür ki,
onlar kritik nöqtə kimi nə o yana, nə də bu yana tərpənir.

Azərbaycan həmin “ölü nöqtə”ləri tərpədib Cənubi Qafqazdakı yeni reallıqlara
başqalarını da əlavə etmək niyyətindədir.

Azərbaycan strateji qorunma vasitəsi kimi qarantiya yaratmaq çağırışı ilə
üzləşdiyindən həmin addımları atmalıdır.

Ermənistan isə vaxt qazandıqca əldə edilən razılıqları təhrif etməyə və
məsələləri Qarabağa üzərində fokuslayıb diqqətləri parçalamağa çalışır.

Azərbaycan Ermənistanın razılaşmalara, yeni reallıqlara olan itaətsizliyini
təhlil edərək hərbi tətbiqlərə dair operativ qərarlar çıxara bilər.

Hərçənd ki, İrəvan mövqeyini itaətsizlik kimi deyil, sülh və təhlükəsizlik adı
altında pərdələyir, ancaq pərdə arxasındakı məqamlar Azərbaycanla Ermənistanın
yeni toqquşmasını qaçılmaz edə bilər.

Aqşin Kərimov

Source link