5bd2dc20-7628-4c1f-9437-e942715e2e5d..jpg

Paşinyan yenə “gəlsinlər” deyir – TƏHLİL

Baxış sayı: 595 dəfə baxılıb.

Paşinyan yenə “gəlsinlər” deyir – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında yenidən regional
təhlükəsizlik üçün təhdidlər yağdıran açıqlamaları ilə yadda qalıb.

Yox, cənab Paşinyan Ermənistanın resursu və hərbçi kapitalı az olan ordusunun
hansısa revanşından söz açmayıb, amma İrəvanın Azərbaycan üçün təhlükə ola
biləcək tezislərini dilə gətirib.

Baş nazir yenidən Qarabağ mövzusuna qayıdaraq xarici siyasət gündəliyini
keçmişdəki işğal prinsipi ilə formalaşdırmaq niyyətini ifadə etmiş olub.

Hərçənd ki, Paşinyan özü də Qarabağda açıq qalan məsələlərin həllinin
Ermənistanın iradəsindən asılı olmadığını gözəl başa düşür, amma yaranmış
vəziyyətdən yararlanmaq vərdişlərini də kənara qoymur.

Azərbaycan üçün isə aidiyyəti yoxdur ki, Paşinyan niyə belə danışır, Bakı baş
nazirin verdiyi bəyanatları suverenlik üçün formalaşdırılan təhdidlərin tərkib
hissəsi kimi görür.

Paşinyanın dediklərinin ümumi xarakteristikasını ifadə edən qeydlər:

– Azərbaycan iqtisadi və psixoloji təzyiqlərlə ermənilərin Qarabağı tərk
etmələrinə çalışır,

– Azərbaycan sülh gündəmini, danışıqlar prosesini pozmağa və yeni müharibənin
qızışdırılmasına çalışır,

– Qarabağdakı nizamlanma yolu beynəlxalq müşahidəçilərin regiona
göndərilməsidir.

Paşinyanın tezisləri Qərbdəki dairələrin təlimat kitabçaları ilə uyğunluq
təşkil edir, deməli, Qərb yenə də baş naziri hansısa xam xəyallarla nəyəsə
inandıra bilib.

“Ermənilər etnik təmizləməyə məruz qalırlar, ay aman, blokada var” tipli
əsatirlər adi hal alıb və bu, Azərbaycanı o qədər də düşündürmür. Çünki
Qarabağda nə blokada var, nə də hansısa erməniyə qarşı etnik mənsubiyyətinə
görə ayrı-seçkilik edilir. Azərbaycanın işi Qarabağ torpaqlarını murdarlamaq
cəhdlərini davam etdirən cinayətkar ünsürlərlədir, ikinci bir yandan, qızıl
mədənlərindəki talamalara qarşı tədbirlərini gücləndirməkdir.

Məzmun bu qədər sadədir, mürəkkəb olmayan bu tələblərə deyil, erməni miflərinə
inanan dairələr bunu labirintə salırlar.

Ermənilərə beynəlxalq hüququn prinsipləri ilə deyil, əlahiddə bir etnos kimi
yanaşan qüvvələrin məqsədi Qarabağa beynəlxalq qüvvələri cəmləmək yekununa
köklənir.

Paşinyan da eyni tezisi leksikonunda saxlayır, Bakının isə bunda niyə maraqlı
olmadığını izah etməkdə fayda var.

Hər şey rəvan olsaydı, Azərbaycan BMT missiyasının gəlib Qarabağda oturmasına
şərait yaradar və onun sülhyaratma prosesinə töhfəsinə güc qatardı.

Amma region yad elementlərə qarşı kövrəkdir və bu həssaslığın əsas qaynağı
Rusiyadır. Moskva NATO və ya BMT missiyasının mandatının regiona gəlişini nüfuz
dairəsini əldən buraxmaq kimi assosiasiya edir.

Ona görə də tənzimləmə mexanizmlərində monopoliya yaratmağa və buna maneə
yaradacaq qüvvələrlə mübarizəyə üstünlük verir.

Hazırda isə Qarabağda Rusiya sülhməramlıları üçün müvəqqəti xidmət mandatı
verilib – onların regiona gəlişinin səbəbləri başqa mövzudur, amma nəticədə
Azərbaycan torpaqlarındadırlar.

Onlar burada ola-ola Rusiyaya əks qütbdə dayanan NATO-nun çətiri altında
regiona əlavə hərbi kontingent cəlb olunması Azərbaycana sərf etmir.

Paşinyan isə hər vəchlə regionu poliqona çevirməyə və Ermənistanın yarana
biləcək gərginlikdən faydalar götürəcəyinə inanmaqda davam edir.

Azərbaycanın sərhədlərin delimtasiyasına dair tələblərinə, Zəngəzur dəhlizinin
açılması üçün şərtlərinə əməl etmək Ermənistan üçün ən optimal yoldur.

Ermənistan hansısa məqamlarda Azərbaycana qarşı dayanan güclərin valı
dəyişdirəcəyini düşünmür. Lakin “X” anında Bakının enerji cazibəsi, regiondakı
yeri İrəvana qarşı cəbhə kimi praktiki inkişaf etmək həddinə çata bilər, bu
zaman isə Paşinyanın düşünməyi gec olacaq…

Aqşin Kərimov

Source link