Paşinyanı kütlə qaldırdı, onlar da devirəcək - ŞƏRH

Paşinyanı kütlə qaldırdı, onlar da devirəcək – ŞƏRH

Baxış sayı: 2. 600 dəfə baxılıb.

Ermənistanın yeni baş naziri ilk səfərini Dağlıq Qarabağa edib, səfər çərçivəsində Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqələrə həsr olunmuş vacib bəyanatlar səsləndirib. O, bu çıxışı ilə göstərdi ki, xarici siyasətinin əsas prioriteti ərazi problemidir.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında rusiyalı bloqer, politoloq Denis Korkodinov deyib.

Rus ekspert əmindir ki, bu məsələ Nikol Paşinyanın hakimiyyəti dövründə qırmızı xətti göstərəcək.

Erməni baş nazirin sözlərini şərh edən ekspert bildirib ki, ərazi problemi sülh danışıqları ilə həll edilməyəcək. Çünki Azərbaycan heç vaxt danışıqlarda “erməni variantı”nı qəbul etməyəcək.

“Bakı təklif olunan variantı qəbuledilməz hesab edir və bəyan edir ki, Dağlıq Qarabağın hüquqi subyekt kimi tanınması beynəlxalq qanunlara ziddir. 

Bununla yanaşı, Nikol Paşinyan ona qələbə qazandıran Qarabağ məsələsində opponentlərinə üçtərəfli görüşdən başqa variant təklif edə bilməyəcək.

Ərazi mübahisələrində hər hansı güzəştə getməsi Nikol Paşinyanın Serj Sarkisyanla eyni taleyi bölüşəcəyi anlamına gəlir”, – Korkodinov qeyd edib.

Buna görə, Paşinyanın bu məsələdə iki seçimi olacaq: ya Paşinyan Bakının rədd cavabına baxmayaraq, üçtərəfli görüş təklifini səsləndirməli, ya da ərazi problematikasından imtina etməlidir. Ancaq hər iki halda cəbhə xəttində gərginliyin artması qaçılmaz olacaq.

Rusiyalı ekspert Nikol Paşinyanın mayın 9-dakı çıxışı zamanı Avropa Birliyi ilə razılaşmaya böyük əhəmiyyət verdiyini, Rusiyanın buna reaksiyasız qaldığını diqqətə çatdırıb. 

O, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Moskva ilə ənənəvi münasibətdə olmayacağını deyib.

Ekspert qeyd edib ki, Paşinyanın xarici siyasətə bu yanaşması İrəvan üçün postsovet məkanında kollektiv təhlükəsizlik sistemlərinin zəifliyi ilə bağlı ciddi problemlərə gətirib-çıxara bilər. 

“Daha dəqiq desək, ərazi münaqişələrinin gərginləşməsi vəziyyətində Ermənistanı ermənilərdən başqa heç kim qorumayacaq.

Nikol Paşinyanın bu vəziyyətlə bacara biləcəyini isə zaman müəyyənləşdirəcək. Əgər Paşinyan bu məsələdə bacarıqsız olsa, onu  bu posta qaldıran kütlə yıxacaq”, – ekspert deyib. 

Əli Məmmədov 
www.ÇıxışYolu.Com