Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana yola düşüb. Bu onun baş nazir qismində ilk xarici səfəri sayıla bilər.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, o, baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara “ürək-dirək” verdi.
“Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək”, – siyasi şərhçi qeyd edib.
Onun fikrincə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tbilisinin icazəsinə nail olmaqdır.
“Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılması ilə xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir. Paşinyanın Tbilisiyə səfərinin başqa məqsədi də var.
Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub”, – Elxan Şahinoğlu əlavə edib.
Politoloq deyib ki, Nikol Paşinyan Tbilisidən sonra ermənilərin yaşadığı Cavaxetiya bölgəsinə də gedəcək.
“Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavaxetiyaya getməyib və ya gedə bilməyib. Görəsən, Tbilisi Paşinyana bu icazəni niyə verib? Tbilisi qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizmini növbəti dalğasına yol aça bilər? Tbilisi “odla oynayır”, – müsahib bildirib.
Ekspert əmindir ki, Tbilisi Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək.
“Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tbilisi bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, Paşinyanın özü Rusiyadan qopmağı istəsin”, – Şahinoğlu qeyd edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com