f8ee86b5-1e25-43e6-81b5-3ea5db828fc2..jpg

Paşinyanın son çırpınışları: Məsələ iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunacaq

Baxış sayı: 535 dəfə baxılıb.

Paşinyanın son çırpınışları: Məsələ iki dövlət – Azərbaycan və Ermənistan
arasında həll olunacaq

Ermənistanın baş nazirinin açıqlamaları ilə gah nala, gah da mıxa vurması adət
halını alıb. Son vaxtlar “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında baş
verənlərdə də bu hal müşahidə olunur. Bu dəfə Paşinyanın hədəfi həm Qərb, həm
də Rusiyadır.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Ermənistanın baş naziri Nikol Paşinyan bir-birini təkzib edən bəyanatları ilə
gündəmdə qalmaqda davam edir. Bir neçə gün əvvəl verdiyi açıqlamanı unudaraq
onun əksinə bəyanat səsləndirmək onun üçün artıq adət halına çevrilib. Bu dəfə
isə erməni baş nazirin hədəfi həm Rusiya, həm də Qərb olub.

Paşinyan anlayır ki, başqa yolu qalmayıb

Bir müddətdir 19 yük maşınını Həkəri körpüsü önündə gözlədən Paşinyan tənqid
hədəfi kimi Rusiya sülhməramlılarını seçib. Paşinyandan əlavə, erməni rəsmiləri
də Rusiya sülhməramlılarının yarıtmaz olduğu, onlara kömək etmədiyi barədə
fikirlər səsləndiriblər. Bu açıqlamaların əsas məqsədi isə məlumdur. Sifariş
Fransadan gəlir. Afrikada dayaqlarını itirən Fransaya yeni ərazilər lazımdır və
dünya imperializminə xidmət edən, Fransanın “bacılığı” olan Ermənistan nə
etməlidir? Rusiya sülhməramlılarının ərazidən çıxarılaraq onların fransız
sülhməramlıları ilə əvəz olunmasına cəhd etməlidir.

Azərbaycanla razılaşmadan yük maşınlarını sərhədə göndərən Paşinyan əvvəlcədən
rəsmi Bakının qəti etirazı ilə rastlaşacağını bilirdi. Amma məqsəd nə humanitar
yükdür, nə də Laçın yolu. Paşinyanın əsl məqsədi həm Rusiyanı, həm də Qərbi
tənqid edərək onlardan nəsə “qoparmaqdır”. Ermənistanın ictimai-siyasi
həyatında baş verən təlatümlər, etirazlar, müxalifətin kəskin reaksiyası,
Azərbaycanın qətiyyəti, dünya dövlətlərinin mövqeyini nəzərə alan Paşinyan
artıq anlayır ki, sülh müqaviləsini imzalamaq və Zəngəzur dəhlizinin açılmasına
qol qoymaqdan başqa yolu qalmayıb. Bu səbəbdən son hərəkətləri ilə Qərb və
Rusiyaya mesaj göndərir, onlardan nəsə almağa çalışır. Necə deyərlər, “bir tük
də qənimətdir” misalı Paşinyanın kredosuna çevrilib.

Bəy-gəlin fotosessiyasını kölgədə qoyan görüntülər

Neçə gündür sərhəddə guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və
“acından ölən” ermənilərə “humanitar yardım” aparmaq məqsədilə gələn yük
maşınları ömürlərində görmədikləri qədər fotosessiyaya məruz qalıblar. Əvvəl
sayı 19 olan yük maşınları son günlər “balalayaraq” 21 olub. Ermənistan
hökumətinin təmsilçiləri bol-bol fotosessiya etdirir, dünyaya 21-ci əsrin
erməni nağılının son versiyasını danışmaqda davam edirlər. Amma bu
fotosessiyalar və eyni məzmunlu bəyanatlar da Paşinyanın planına xidmət edə
bilmədi. İstər BQXK, istərsə də digər qurumlar məsələ ilə bağlı
səlahiyyətlərinin olmadığını açıqladılar. Məsələ Avropa Parlamentinin erməni
diasporundan maliyyələşən bəzi nümayəndələrinin təsəlliverici açıqlamalarından
o yana keçmədi.

Yük maşınlarının sərhəddə fotosessiya məqsədi ilə aparılması isə gün kimi
aydındır. Əgər erməni baş nazirin məqsədi həqiqətən humanitar yük göndərmək
olsaydı, beynəlxalq hüquq və normalara riayət edərək əvvəlcə Azərbaycana
müraciət edər, məlumatlandırar, icazə almağın mümkünlüyünü dəqiqləşdirərdi.

Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

Paşinyanın son açıqlamalarından sonra Rusiyadan cavab gəldi. Rusiya XİN-in
rəsmisi Denis Qonçar kortəbii hazırlanan sülh müqaviləsinin yeni münaqişəyə
səbəb olacağı barədə açıqlama yaydı. Bu, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini
əldən verməyə niyyətinin olmaması deməkdir. Rus diplomat eyhamla Paşinyana başa
salır ki, sülhməramlıları əvəz etsəniz, regionda yeni toqquşmalar labüddür.
Amma eyni gündə Rusiyadan başqa bir xəbər də gəldi. RF Qafanda konsulluq açmaq
niyyətindədir. Bəziləri bununla Rusiyanın Zəngəzur dəhlizinin əleyhinə olduğunu
nümayiş etdirdiyi qənaətinə gəlsələr də, əslində reallıq fərqlidir. Rusiya
dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizində maraqlıdır və bu yol onun üçün
əlavə bazarlara çıxış, əlavə tranzit vasitəsidir. Qafanda konsulluq açmaq isə
birbaşa Qərbə mesajdır: “Zəngəzur dəhlizində mən də maraqlıyam”. İrandan fərqli
olaraq Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Nəzərə almaq lazımdır ki,
Ermənistanın bütün dəmiryolu xətləri hüquqi baxımdan Rusiyaya məxsusdur.
Deməli, istənilən halda Rusiya üçün dəhlizin və digər yolların açılması
məqbuldur.

ABŞ rəsmisinin Rusiyaya və Paşinyana mesajı

Paşinyan bu günlərdə Qərbi də tənqid etməkdən çəkinməyib. Brüssel formatının
effektiv olmadığı barədə açıqlama verən Paşinyana və sülh müqaviləsi ilə bağlı
tələsik bəyanat səsləndirən Qonçara ABŞ Dövlət Departamentinin rəsmisi
Müllerdən cavab gəlib: “Söhbət Ermənistan və Azərbaycandan gedəndə Rusiyadan
danışmaq istəmirəm. Mən bu münaqişənin birbaşa tərəfi olan iki ölkə haqqında
danışmaq istəyirəm. İnanırıq ki, məsələdə tərəf olmayanların şərhlərindən asılı
olmayaraq, razılaşma yaxın olaraq qalır və biz buna nail olmaq üçün onlarla
işləməyə davam edəcəyik”.

M.Müller demək istəyir ki, Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında
sadəcə iki tərəf var. Rusiyanın şərhləri isə nəzərə alınmamalıdır, sülh
müqaviləsi iki tərəf arasında imzalanmalı və müsbət irəliləyişlərlə davam
etməlidir. ABŞ rəsmisi açıqlaması ilə nala-mıxa vuran Paşinyana mesaj ötürür
ki, istənilən halda, sülh müqaviləsi imzalanacaq və Paşinyanın son çırpınışları
nəzərə alınmayacaq. Eyni anda Rusiyaya da bulanıq suda balıq tutmamaq məsləhət
görülür. Diplomatın qeyd etdiyi kimi, məsələ iki dövlət – Azərbaycan və
Ermənistan arasında həll olunacaq…

Source link