Paşinyanla Köçəryan yenidən üz-üzə – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın sabiq prezidenti Robert Köçəryan dörd kəndin Azərbaycana
qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan
istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş
yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və
digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Köçəryan ölkədəki
qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti
devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Kilsə ilə ittifaq
Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat
olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar
edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb. Bir neçə il əvvəl Paşinyanın
təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk
etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat
konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı
variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o,
qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri
həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat
Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı.
2021-ci ildə Robert Köçəryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək,
hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında
gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Köçəryan hakimiyyətə qayıtsa,
Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü.
Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda “döyüşə atılıb”.
Srbazanın iç üzü
Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş
nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq,
özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri
isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl
atacağının işarəsini verib və “Yerkrap”ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu
isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma
həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə
bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı
reklam edə bilib.
Köçəryanın dəstəsi iş başında
Köçəryan texnoloqları hakimiyyəti devirmək üçün “dahiyanə” üsula əl atmaq
qərarına gəliblər. “Ermənistan” bloku və Daşnaksütyun fəalları ilə gizli
razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq
ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı
rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla
yolları bağlamağa cəhd göstəriblər. Hədəf İrəvanın mərkəzi küçələri və
dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış etiraz
aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən
müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı
izdiham kimi qələmə vermək siyasəti yürüdülüb. Təşkilatçılar bununla evlərində
oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını
böyütmək niyyəti güdüblər. Amma plan əks-effekt verib.
Köçəryan “komandası”nın ifşası
Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Köçəryan da gözə dəyib. Bu şəxs
2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və
seçkiöncəsi kampaniyanı idarə edib. Onun yanında isə David Saakyants olub. Bu
şəxs isə Köçəryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və
bu işdən külli miqdarda pul qazanır. Noyemberyan-Baqratşen yolunda təxribata
cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar
olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi
təqdim edən şəxsin hərbçi olmadığı da məlum olub. Başqa bir fakt: İrəvan
küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün
başqa rakursdan başqa bir aksiya kimi müxalif KİV-də təqdim edilib.
Bir neçə gün əvvəl Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya
isə elə erməni KİV tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki,
etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra
başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş
üzvüdür. Bu şəxs bu vəzifələrdə Köçəryanın hakimiyyəti illərində çalışıb.
Paşinyan hərəkətə keçdi
Təbii ki, bu hadisələrin Köçəryan tərəfindən idarə olunması hakimiyyət
tərəfindən cavabsız qala bilməzdi. Elə bu səbəbdən də Ermənistanın baş
prokuroru Anna Vardapetyan bəyan edib ki, ikinci prezident Robert Köçəryan və
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz
əmlakı və yüz milyonlarla dollar vəsaiti qanunsuz olduğu üçün müsadirə
ediləcək. Təkcə Köçəryan və onun ailəsinin yeddi üzvünün 25 daşınmaz əmlakı,
beş nəqliyyat vasitəsi, dörd milyon dollarlıq səhmi əlindən alınmalıdır.
Prokurorluq Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində
iştirakına xitam verməyə çalışır.