Pavel Felgenhauer: “Ermənistanın imkanları çox deyil, amma Azərbaycanın
imkanları var” – RF-dən MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın Ermənistana dəstəyi çərçivəsində gələn həftə Fransa Silahlı
Qüvvələrinin naziri Sebastyan Lekornü erməni həmkarı Suren Papikyanla
danışıqlar aparmağa hazırlaşır. Hərbi idarələrin rəisləri müəyyən əməliyyat və
konkret tədbirlərin nəticələrini yekunlaşdırmağa hazırlaşırlar. Bundan əvvəl
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonna Parisin İrəvanla
Ermənistana hərbi texnikanın verilməsinə imkan yaradacaq saziş imzalamağa razı
olduğunu açıqlamışdı.
Fransanın Ermənistan Respublikasına (ER) hərbi yardım edəcəyinə dair vədləri
İrəvanda böyük sevincə səbəb olub. Erməni cəmiyyətində yenidən revanşizmdən, ER
ordusunun Azərbaycana “həlledici zərbə endirmək” imkanından danışılmağa
başlanılıb.
Bəs Fransa silahları Ermənistan üçün İrəvanın ümid etdiyi bir növ
“wunderwaffe” – “möcüzə silahı”na çevriləcəkmi?Cixisyolu.com-ın bu sualını
cavablandıran məşhur rusiyalı hərbi ekspert Pavel Felgenhauer qeyd edib ki,
Fransa Sovet və Rusiya çaplı – 152 mm-lik haubitsa və silahlar istehsal etmir,
NATO standartından – 155 mm-likdən istifadə edir.
“Soyuq Müharibə illərində Varşava Müqaviləsi və NATO ölkələri, bəlkə də, ələ
keçirilən mərmilər işlədilməsin deyə müxtəlif kalibrlərdən istifadə edirdilər.
Əlbəttə ki, əgər Fransa Ermənistanı silahla təmin edərsə, onlar NATO
standartlarına uyğun olacaq.
– Bəs bu, Qərb standartlarına cavab verməyən Rusiya sursat ehtiyatlarına malik
Ermənistan üçün nə dərəcədə sərfəlidir?
– Elə bundan başlayacağam ki, Ermənistanın 2020-ci il müharibəsində
uduzmasının səbəblərindən biri də ordusunun köhnə sovet silahları ilə
silahlanması idi. Bundan əlavə, onların pilotsuz təyyarələri yox idi və
ümumiyyətlə, müasir müharibəyə hazır deyildilər. İndi Ermənistan silahlı
qüvvələrini yenidən silahlandırmağa və modernləşdirməyə çalışır. Ancaq ER-in
böyük bir problemi var – silahı haradan almaq olar? Ermənistanın real dostları
çox deyil. İndi onlar İrəvanla dost olan Fransaya üz tutmaq qərarına gəliblər.
Əlbəttə ki, fransız silahları köhnə sovet silahlarından əhəmiyyətli dərəcədə
fərqlənir. Ukrayna cəbhələrində kifayət qədər uğurla istifadə olunan
artilleriya sistemlərinə baxmaq yetər. “Caesar” (“Sezar”) özüyeriyən
haubitsalarının atəş məsafəsi 40 km-dən artıqdır ki, bu da onun sovet
analoqlarından demək olar ki, iki dəfə çoxdur. Əlbəttə ki, hər şey mərmilərdən
asılıdır, əgər aktiv reaktiv mühərrik varsa, o zaman “Caesar” haubitsalarının
atəş məsafəsi daha da artır və hədəf təyin edərkən GPS koordinatlarından da
istifadə olunur.
Azərbaycan 2020-ci ildə belə döyüşüb. O, İsraildən müasir silahlar alıb –
onlar daha uzun məsafə və daha yüksək dəqiqliyə malik olub. Odur ki, Ermənistan
silahlı qüvvələrini Azərbaycan səviyyəsinə qədər modernləşdirmək istəyir.
– Bu, ümumiyyətlə, mümkündürmü?
– Bu çox çətin olacaq. Ermənistanın nə pulu var, nə də dediyim kimi, belə
silahları satmağa hazır olan real müttəfiqləri. Azərbaycana isə İsrail, Türkiyə
və bir çox başqa dövlətlər silah təchizatında köməklik edirdilər.
Təbii ki, Ermənistan məğlub olduqdan sonra silahlı qüvvələrinin yenilənməsi
məntiqlidir. Amma Ermənistan Respublikasının sürətlə silahlanmasından
danışmağın mənası yoxdur. Üstəlik də, Avropanın resursları Ukrayna cəbhəsinə
gedir. Heç kimin əlavə mərmiləri və haubitsaları yoxdur.
– Siz 2020-ci ildə ikinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən
danışdınız. Amma indi, üç ildən sonra Ermənistanda çoxu artıq belə düşünmür.
Məsələn, Ermənistan Respublikası Radikal Milli Demokratik Qütb Şurasının
nümayəndəsi Qaregin Çuqaszyan erməniləri silahlanmağa çağıraraq bildirib ki,
Ermənistan qoşunları Azərbaycana hansısa həlledici zərbə endirməyə qadirdir.
Sitat: “Bizim müharibə təcrübəsi olan ordumuz var, ordumuz bizə təqdim olunduğu
kimi məğlub olmayıb. 44 günlük müharibədə Ermənistan ordusu məğlub olmayıb”.
– Yaxşı, bəlkə ordunun əsir götürülmədiyini nəzərdə tutur, deməli, tam
məğlubiyyət olmayıb. Sadəcə olaraq, daha əvvəl təslim oldular (gülür – red.).
Amma yenə də məğlubiyyət var idi. Və bu nəticə mənə müharibə başlamazdan xeyli
əvvəl aydın idi. Həmin vəziyyətdə qələbə şansı az idi və 2020-ci il müharibəsi
zamanı ciddi səhvlər oldu. Hər halda onlar müharibəni uduzdular. Bu, artıq
müzakirə mövzusu deyil.
Azərbaycana qarşı hücum xarakterli hərbi əməliyyatlara gəlincə, Ermənistan
ordusu buna hazır deyil.
– Erməni revanşistləri indi Azərbaycan qaz və neft kəmərlərinə zərbə
endirməyin zəruriliyindən danışırlar. Amma bu kəmərlərin operatorları arasında
Qərb şirkətləri də var. Bu cür çağırışlar, ümumiyyətlə, nəyə lazımdır?
– Ukraynada müharibə zamanı Rusiyadan ammonyakın ixracına Ukrayna ərazisindən
nəqli üçün nəzərdə tutulan ammonyak kəməri partladılmışdı və bunu kimin etdiyi
hələ də tam aydın deyil. Amma Ukrayna ərazisindən keçən qaz kəməri işləməkdə
davam edir, heç kim ona toxunmur, baxmayaraq ki, belə imkanlar mövcuddur.
Ermənistana gəlincə, onu uzun müddət sıradan çıxarmaqdan ötrü ciddi
zədələnməsi o qədər də asan olmayan boru kəmərlərinə zərbə vurmaq üçün heç bir
xüsusi imkanları yoxdur. Bunu necə və nə ilə edəcəklər? Bəli, nəzəri olaraq
onların bir neçə “İsgəndər” raketi var. Yüksək dəqiqlikli zərbə vurmaq üçün
raket sisteminə daxil edilmiş rəqəmsal xəritələrdən istifadə edilməlidir.
Belə xəritələri əldə etmək üçün ya peyklər, ya da kəşfiyyat pilotsuz
aparatları və təyyarələr lazımdır. Amma bunlardan bəzilərini kommersiya
bazarında almaq mümkündür. Əgər inertial tuşlama sistemindən istifadə edilərsə,
dəqiqlik köhnə “Skad” raketlərindən (“R-17”) bir az yaxşı olar. Onları şəhərə
vurmaq olar. Gəncəyə elə onlardan vurulmuşdu. Amma kəməri vurmaq, yumşaq desək,
çətindir. Yeri gəlmişkən, 2020-ci il müharibəsi zamanı erməni tərəfi də
“İsgəndər”lərdən istifadə etsə də, böyük uğur qazana bilməyib. Təbii ki, borunu
partlatmaq üçün diversantlar göndərmək olar. Lakin onlar hədəfə çatacaqlarmı?
Yoxsa daha əvvəl zərərsizləşdiriləcəklər?
Deməli, bir daha deyirəm, Ermənistanın imkanları çox deyil, amma Azərbaycanın
imkanları var. Müharibə zamanı Ermənistandan Qarabağa nəqliyyat əlaqələrinin
keçdiyi körpüyə İsrail istehsalı olan raketin “İsgəndər”dən də böyük məsafəyə
vurduğu yüksək dəqiqlikli zərbəni xatırlamaq olar.
Nair Əliyev