3a12297d-6c4a-4bb0-8f68-a5694e82b816..jpg

Payızda havaların isti keçməsi nə ilə əlaqədardır? – AÇIQLAMA

Baxış sayı: 535 dəfə baxılıb.

Payızda havaların isti keçməsi nə ilə əlaqədardır? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktyabrda və noyabrın əvvəlində havanın isti keçməsi normal haldır”.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin
Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov
deyib.

O bildirib ki, bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən
asılıdır:

“Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, orada hava
soyuyur, bu hərəkətlilik cənubdan şimala doğru olduğu zaman isə hansı ay
olmasından asılı olmayaraq, havanın qəfil isindiyini müşahidə edirik. Buna görə
bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da
havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət
istiqaməti ilə bağlıdır. Buna təəccüblənmək lazım deyil”.

Lokal istiləşmələr barədə danışan Səid Səfərov deyib ki, bu, fyon hadisəsi ilə
əlaqədardır:

“Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və
ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu,
güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da,
daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur”.

Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü
olub-olmaması barədə sualımızı cavablandıran Səid Səfərov deyib ki, qlobal
istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir,
lakin bu, bütün aylar üçün eyni deyil:

“Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart,
avqust və oktyabr ayında daha çox müşahidə olunur. Bu hal bəzən noyabr ayında
müşahidə edilsə də, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı
şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına
nisbətən artması təxminən 1,5 dərəcə olubsa, noyabr ayında bu rəqəm sıfıra
yaxın olub. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın
temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə
ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə
əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil”.

Source link